Topaz Premyer Liqasında XVII tura start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış oyununda "Səbail" və "Qəbələ" klubları üz-üzə gəlib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 25-ci dəqiqədə "Səbail" "Qəbələ"nin müdafiəçisi Vitali Vernidubun öz qapısına vurduğu qolla açıb. 56-cı dəqiqədə Fəhmin Muradbəyli fərqi artırıb. Qonaq komanda təsəlli qolunu 68-ci dəqiqədə vurub. Çempionatın bombardiri Baqali Dabo fərqlənərək, aktivindəki topların sayını 11-ə çatdırıb.
Beləliklə, "Qəbələ" Premyer Liqada 7 turdan sonra məğlubiyyətlə üzləşərək, çempionluq yolunda zərbə alıb. "Qırmızı-qaralar" sonuncu dəfə X turda səfərdə "Zirə"yə elə eyni hesabla uduzmuşdular. Hazırda bu komanda 35 xalla 2-ci pillədədir. 5 turdan sonra növbəti qələbəsini qazanan "Səbail" isə xallarını 17-yə çatdırsa da, 6-cı pillədə qalıb.
Günün digər oyununda "Neftçi" "Zirə"ni qəbul edib. "Bakcell Arena"da baş tutan görüşdə hesabı meydan sahibləri açıblar. "Ağ-qaralar"ın heyətində 22-ci dəqiqədə İqnasio Herrera baxımlı qola imza atıb. Lakin qonaqlar 30-cu dəqiqədə yeni transferləri Evans Uilyamsın dəqiq zərbəsi ilə hesabı bərabərləşdiriblər.
Qarşılaşmanın 76-cı dəqiqəsində qonaqların futbolçusu İlkin Muradov qırmızı vərəqə alsa da, meydan sahibləri say üstünlüyündən istifadə edə bilməyib. Oyun 1:1 hesabı ilə başa çatıb.
Bu heç-heçədən sonra "Zirə" 32 xalla 3-cü, "Neftçi" isə 20 xalla 5-ci pillədə qalıb.
Tura isə sabah keçiriləcək "Keşlə" - "Sumqayıt" və "Qarabağ" - "Kəpəz" matçları ilə yekun vurulacaq.
Topaz Premyer Liqası
XVII tur
24 fevral (şənbə)
16:00. "Səbail” – "Qəbələ” - 2:1
Qollar: Vitali Vernidub, 24-öz qapısına. Fəhmin Muradbəyli, 56 - Baqali Dabo, 68
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Şahin Cəfərov
"Bayıl Arena”
18:00. "Neftçi” – "Zirə” - 1:1
Qollar: İqnasio Herrera, 22 - Evans Uilyams, 30
Qırmızı vərəqə: İlkin Muradov, 77 ("Zirə")
Hakimlər: Ramil Diniyev, Yaşar Abbasov, Nahid Əliyev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Murad Məmmədov
"Bakcell Arena”