Sportnet.az AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Azərbaycan futbolu ilə bağlı bütün sahələrdə yaşanan problemlərin araşdırılması və mümkün həlli yollarının göstərilməsi" layihəsinin icrasını davam etdirir. Altıncı mövzumuz Azərbaycanın FIFA agentləri ilə bağlıdır.
Həmsöhbətimiz isə ölkəmizdə ilk dəfə bu statusa sahib çıxan Kamil Məmmədovdur.
- Son illər FIFA agentlərinin böyük məbləğdə qazanc əldə etmələri insanların bu sahəyə olan marağını artırıb. Məsələn, çilili Aleksis Sançesin təmsilçisi Fernando Feliçeviç qış fasiləsində müştərisinin "Mançester Yunayted”ə keçidindən 13,5 milyon funt sterlinq əldə edib. İndi çoxlarını bir sual düşünürür: Futbol agenti olmaq üçün nə tələb olunur?
- Son illər tələblər dəyişib. Artıq FIFA bu məsələlərə baxmır. Təbii ki, müəyyən prosedurlar, sənədləşmələr var. Məsələnin ikinci tərəfi şəxsin bilik və bacarıqlara malik olmasıdır. Əsas tələb olunan məqam ünsiyyət qurmaq, dil tapmaq qabiliyyəti və geniş əlaqələr yaratmaqdır. Təbii ki, futbolu, bazardakı şərtləri də mənimsəmək vacibdir. Bu, istənilən sahədə belədir. Hansısa sektorda fəaliyyət göstərmək istəyirsənsə, oranın özəlliklərini bilməlisən. Yəni, burada ali təhsilli və ya hüquqşunas olmaq vacib deyil. Ehtiyac duyulduqda fərdi qaydada hüquqşunas xidmətindən də yararlanırsan. Məsələn, mən bu cür edirəm.
- Yəni, Ukrayna və ya Türkiyədə transfer reallaşdırırsınızsa, oradakı hüquqşunaslara müraciət edirsiniz?
- Hər bazarın özünəməxsus özəllikləri var. FIFA qaydaları öz yerində, ölkələrin də öz qanunları olur. Bu baxımdan, yerli hüquqşünaslara müraciət etmək ehtiyacı yaranır. Müqavilə bağlayan zaman hüquqşünas kömək edir.
- Azərbaycanın ilk FIFA agentisiniz. Bu istiqaməti seçməyiniz necə oldu?
- Futbola marağım, sevgim həmişə olub. Təxminən 2004-2005-ci illərdə ölkədə futbol sektoruna böyük maraq yarananda ilk transferlərimi həyata keçirmişəm. İlk əməkdaşlıq etdiyim klublar "İnter” ("Keşlə”), "Neftçi” və "Olimpik” ("Şüvəlan”) olub.
"AFFA-ya iki məşqçi təklif etmişdim, Berti Foqtsu seçdilər"
- İl ərzində təxminən neçə transfer reallaşdırırsınız?
- Bu cür statistika aparmıram. Əvvələr aparıcı klublarımızın demək olar ki, hamısında oyunçularım var idi. Hazırda "Neftçi” ilə "Keşlə”də Sezar və Derlis Meza Kolli qardaşları, İqnasio Errera və digər oyunçularla əməkdaşlıq edirəm. İndiyə qədər ən yaxşı halda təxminən 40 nəfərə yaxın futbolçum Azərbaycanda çıxış edib.
- Səhv etmirəmsə, Berti Foqtsun da Azərbaycan millisinə gəlişi sizin vasitəçiliyinizlə olub. Bu barədə danışardınız...
- Bəli, həmin vaxt bu söhbət açılanda milli assosiasiyaya iki baş məşqçi təklif etmişdim. Rəhbərlik də Foqtsu seçdi. Digər variant isə Ektor Kuper idi.
- Bu işdə sizə Kaxaber Tsxadadze də yardım edib?
- Sadə bir məsələ olub. Foqtsun əlaqə nömrəsini ondan almışdım. Vaxtilə Almaniyada çıxış etdiyi üçün Tsxadadzenin əlaqələri vardı.
- Ölkə xaricinə transfer reallaşdırmısınız?
- Bəli, olub. Məsələn, Ukrayna millisinin sabiq oyunçularından Artyom Milevskini Türkiyənin "Qaziantepspor” klubuna, Aleksandr Əliyevi Rusiya "Anji”sinə aparmışam.
- Ən böyük qazancı hansı futbolçunun keçidindən əldə etmisiniz?
- Daxili bazarda heç vaxt böyük qazancım olmayıb. Ən çox gəliri Milevskinin "Qaziantepsor”a keçidindən əldə etmişəm. Yerli klublarla isə 10 faizə, 2 faizə, hətta qazancsız da işlərim olub. Bir neçə il öncə Derlis Meza Kollini Qazaxıstan "Kayrat”ı alırdı. Bu, həm mənim, həm də onun üçün ən böyük məbləğ olacaqdı, amma Derlis Qazaxıstana getmək istəmədi.
- Əməkdaşlıq etdiyiniz hansı tanınmış agentlər var?
- Əməkdaşlıq yox, tanıdıqlarım var. Bizim futbol bazarı ilə onların işlədikləri yer arasında ciddi fərq mövcuddur. Belə olan halda "əməkdaşlıq” demək bir az düz çıxmır. Amma əlaqə saxlayırıq, münasibətlər var.
"Ndlovunu alırlarsa, demək, digər futbolçulara da baxa bilərlər"
- İllərdir belə bir fikir vardı: klublarımız Avropa Liqası və Çempionlar Liqasının (ÇL) qrupunda çıxış edəndən sonra yerli futbolçular diqqət mərkəzinə düşəcək, xarici komandalar transfer olunacaqlar. Ancaq nə "Qarabağ"ın nə də, "Qəbələ"nin üzvlərinə təklif belə göndərilmədi. Sizcə, niyə?
- Müəyyən qədər irəliləyiş oldu. Dino Ndlovunun Çin klubuna satışı bunun sayəsindədir. Ndlovunu alırlarsa, demək, digər futbolçulara, o cümlədən, yerlilərə də baxa bilərlər. Hərçənd, bu baxımdan gözlədiyimiz səviyyədə irəliləyiş olmadı. Ümumilkdə götürsək, "Qarabağ” böyük işi bacardı. Bu gün Riçard Almeyda, Reynaldo kimi oyunçulara maraq bundan irəli gəlir. Əcnəbilər "Çelsi” – "Qarabağ” oyununa baxanda bizimkiləri də görürlər. Belə matçlarda xarici klubların diqqətini cəlb etmək ehtimalı çox böyükdür. Təəssüf ki, bizim futbolçular xaricdə çox çətin uyğunlaşırlar.
"Qarabağ”dakı legionerin belə, "Roma”ya düşməsi mümkün deyil"
- "Qarabağ” ÇL-in qrupunda çıxış etsə də, Qurban Qurbanov Ağdam komandasının heyətində "Roma"da və ya "Atletiko”da forma geyinə biləcək səviyyədə futbolçu olmadığını söylədi. Bu fikirlə razısınız?
- Tamamilə razıyam. "Qarabağ”dakı legionerin belə, "Roma”ya düşməsi demək olar ki, mümkün deyil. Bu, nadir hallarda ola bilər. Çünki bura daha aşağı səviyyəli əcnəbilər gəlir. Bizim yalnız hansısa cavan oyunçumuz - "Roma”nın hələ baxmadığı birisi bu kluba düşə bilər. Sistem belə işləyir: Bizə gələn legionerlərə "Roma” və ya digərləri çoxdan baxıblar. "Roma” da olmasa, "Sassuolo”-filan gözdən keçirib. Top-kluba yalnız onların görmədiyi öz cavan oyunçumuz gedə bilər. Bu da indki durumda çətindir. Şansı olanlar da vaxtında Azərbaycandakı böyük pulları qoyub, xaricə getmədilər. Bəlkə, indi maaşlar az olduğu üçün xaricə çıxarlar.
- Ancaq onları da qınamaq olmur. Hər bir futbolçu öz potensialını bilir və anlayır ki, məsələn, "Kasımpaşa”da 5 manata oynasa da, onda "Qalatasaray”a düşə biləcək bacarıq yoxdur. Ona görə də 25 manata elə yerli klubda çıxış etməyi üstün tutur...
- Bəli, bu məqam da var. Lakin risk etmək lazımdır. "Kasımpaşa”da özünü necə gösərəcəyini yüz faiz təxmin etmək olmaz. Bəlkə, yaxşı alınacaq?!
- Futbolçularımız piar məsələsində də axsayırlar. Ruslan Abışov və Mahir Mədətov istisna olmaqla, demək olar ki, digərləri bu işə diqqət ayırmırlar. Bununla bağlı nə tövsiyyə edə bilərsiniz?
- Piar mütləq olmalıdır. Bunu bacaran insanlara müraciət etsinlər. Bizdə mentalitet məsələsi də var. Futbolçular ictimaiyyət arasında hansısa müğənni qədər populyar deyillər. Amma zaman keçdikcə, düzələcək. Bu istiqamətdə irəliləyiş var.
"Gələcəyini düşünən futbolçu Azərbaycana gəlmir"
- Əvvələr "Neftçi”də çıxış edən Nikolas Kanales və Culius Vobay kimi futbolçuların meneceri idiniz. Lakin son illər gətirilən legionerlər əvvəlki səviyyədə deyil. Söhbət təkcə sizin oyunçularınızdan getmir, ümumilkdə vəziyyət dəyişib. Bu, maliyyə şərtlərinin zəifləməsi ilə əlaqədardır?
- Problem ondadır ki, cox səviyyəli futbolçu azad agent statusu ilə gəlmir. Klublar isə transfer pulu ödəməkdə maraqlı deyillər. Çox az hallarda bunu edirlər. Amma deməzdim ki, qalanları səviyyəsizdirlər, çoxlu yaxşı legioner var. Üstəlik, əvvəlki ilə müqayisədə legionerlərə təklif olunan pulun məbləği 4-5 qat azalıb. Deyirlər ki, aylıq maaşı 10 mindən çox olmasın, azad agent olsun, 7–8 ay klubsuz qalan da olmasın, menecerinə də pul ödənilməsin (gülür - red.). Bu şərtlərə gəlib, Azərbaycanda seçilən legionerlər çox az saydadır. Transfer bazarı açılanda başlayırlar oyunçu axtarmağa. Bu cür yaxşı oyunçu tapmaq olmur. Ancaq çöldə qalanları gətirə bilərsən. Gələcəyini düşünən futbolçu Azərbaycana gəlmir. Çünki bura tramplin deyil. Bunun müqabilində bəzi klublarımızda əcnəbi futbolçu seçimində peşəkarlığın artdığını da qeyd etməliyəm.
- Futbolçuları necə seçirsiniz?
- Xüsusi proqramlar vasitəsi ilə izləyirəm. Həmçinin. tanış menecer və futbolçularla əlaqədəyəm. Şəbəkəm var. Gedib izləməyə qətiyyən üstünlük vermirəm. Bu, boş vaxt itkisidir. Çünki baş məşqçinin necə futbolçu istəyəcəyini bilmirsən. Klub öz fikrini mənə göndərməlidir.
"Onlar Afrikadan futbolçu yox, bir zənbil banan gətirə bilərlər"
- "Disklə futbolçu seçməzlər” fikri ilə razısınız?
- Birincisi, disk dövrü çoxdan başa çatıb. "InStat Scout” və ya "Wyscout” kimi proqramlar mövcuddur. Bu proqramlarda istənilən futbolçu ilə bağlı lazım olan bütün məlumat var. Canlı görə bilməyəcəyin məqamları belə, həmin proqramında görə bilərsən. Klub rəsmisinin gedib futbolçuya baxması, bu cür seçim aparması bir az qəliz məsələdir. Bunun üçün xüsusi seleksiya şöbəsi olmalı və illərlə oyunçuları izləməlidir. Məsələn, "Portu” 50 milyona satdığı oyunçunu havayı götürmür, 5 milyona alır. Yəni, yaxşı oyunçu tapmaq üçün sistemli işləməli, pul xərcləməkdən çəkinməməlisən. Klub rəsmisi və ya baş məşqçi konkret hansısa müqaviləsi bitmək üzrə olan oyunçuya baxmaq üçün gedə bilər. Yoxsa uçursan Braziliyaya və ya Afrikaya ki, görüm, kimi tapıram gətirməyə. Bu cür səfərə planı ilə gedən şəxs futbolçu yox, bir zənbil banan gətirə bilər. Yaxud qayıdanda otağına qoymağa suvenir alar. Bu cür oyunçu seçmirlər.
- Yəni, proqram olan yerdə Afrikaya getməyin mənası yoxdur?
- Afrikalı oyunçular proqramlarda azdırlar. Onlar üçün getmək olar. Amma Afrikada gözünlə görüb, bəyəndiyin adamı heç kim sənə pulsuz verməz. Böyük klublar illərdir Afrika ölkələrində ofislər açıblar, hamısını izləyib, gözdən keçirirlər. Heç böyük istedada malik birini onlar əldən buraxarlar? Heç vaxt. Reallıq budur.
"Əminəm ki, Qurban Qurbanovla maraqlananlar var"
- Futbolçularımıza hələlik tələbat yoxdur, Azərbaycan əcnəbilər üçün tramplin deyil – bunları başa düşdük. Bəs məşqçilərimizi niyə istəmirlər? Niyə Qurban Qurbanov kimi baş məşqçiyə xarici klublar dəvət göndərmirlər?
- Əminəm ki, onunla maraqlananlar var. Hər ölkədə klublar daha çox özlərinin daha yaxşı tanıdıqları məşqçilərlə işləməyi üstünlük verirlər. Amma inanıram ki, Qurban müəllim üçün də gələcəkdə geniş imkanlar açılacaq. Bir balaca təkan lazımdır.
"Bu dəqiqə klub menecerə atsa da, FIFA buna baxmır"
- FIFA prezidenti Canni İnfantino bildirib ki, agentlərin gəlirlərinə nəzarət olmalıdır. Buna münasibətiniz necədir?
- Söhbət gəlirlərə görə yox, agentlərin fəaliyyəti nəticəsində yaranmış xaosla bağlıdır. FIFA agentlərin işinə nəinki nəzarət etməyi, bu işi öz üzərindən atmağı istəyir. Çünki keçidlər zamanı çoxlu sayda mübahisəli məqamlar ortaya çıxır. Məsələn, götürək Neymarın "Santos”dan "Barselona”ya keçidini. Bu günə qədər də həmin transferə görə məhkəmə çəkişmələri davam edir. Hansısa menecer çıxıb deyir ki, futbolçu mənimdir. Halbuki, menecer yalnız vasitəçi ola bilər. Ancaq reallıq budur ki, bu gün agentlər transferlərdə əsas rol oynayır. Çünki istənilən tanınmış futbolçunun onun işlərini yoluna qoyacaq agentləri var. Məşhur oyunçular Mina Rayola, Jorje Mendeş kimi tanınmış agentlərlə əməkdaşlıq etməyə can atırlar. Çünki onların özləri böyük məbləğ əldə etməklə yanaşı, futbolçunun özünə də daha çox qazandırırlar. Əvvələr qayda belə idi ki, futbolçunun bir klubdan digərinə keçmək üçün buraxılış sənədi tələb olunurdu, vəssalam. Amma indi FIFA TPO adlı sənəd istəyir. Bu sənədin məğzi budur ki, futbolçunu alan və satan klub təsdiqləyir ki, onun transfer hüququna malik olan üçüncü tərəf yoxdur. Həm də FIFA artıq mübahisəli məsələləri üzərindən atır. Bu cür problemlər ya yerli məhkəmələrdə həllini tapmalıdır, ya da İdman Arbitraj Məhkəməsində. Bu dəqiqə klub menecerə atsa da, FIFA buna baxmır.
"Baş məşqçiyə deyir ki, filankəsi yığmaya çağır, qiyməti şişsin"
- Transferlərdə müxtəlif maxinasiyaların olduğu deyilir, yazılır. Hətta iki il öncə İngiltərə millisinin baş məşqçisi Sem Ellardays bu cür söhbətdə adı hallandığı üçün istefa vermək məcburiyyətində qaldı. Məsələnin mahiyyəti nədən ibarətdir?
- Böyük pulların olduğu ölkədə min cür maxinasiya ola bilər. Ellardaysla bağlı baş verən qalmaqaldan xəbərsizəm. Amma başqa misal gətirə bilərəm: Agent reytinqli bir millinin baş məşqçisinə deyir ki, filankəsi yığmaya çağır, qiyməti şişsin, onun transferindən sənə də pay verim. O da çağırır hansısa yoldaşlıq matçına və ya rəsmi görüşə, amma ehtiyatda saxlayır. Bunun fonunda futbolçunun dəyərində böyük sıçrayış olur. Nəticədə onun satışından millinin baş məşqçisi də qazanır. Vəssalam, ən sadə sxem budur.
- Bəzən keçidlər zamanı elə məbləğlər eşidirik ki, bunun şişirdildiyi hiss olunur. Məsələn, İngiltərədə hansısa cinah müdafiəçisinə 40 – 50 milyon avro ödəyirlər. Halbuki, həmin oyunçunun real dəyəri 10 qat azdır. Bu cür transferlərin sirri nədədir?
- İngiltərədə bazar o qədər böyükdür ki, açığı, kənardan baş açmaq olmur. Klubların digər mənbələrdən – forma satışından, teleyayımdan gəlirlərinin həcmi çox olduğu üçün sistem çox mürəkkəbləşib.
Şamo QULİYEV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.