Klublar Komitəsinin bu gün baş tutan icasından iştirak edən AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir:
- İclasda hansı məsələlər müzakirə olundu?
- Hazırda hər bir klubumuz fərdi qaydada birbaşa statistika məlumatları alır, bunun qarşılığında vəsait xərcləyir. Biz də Klublar Komitəsinin müraciətinə baxaraq, mərkəzləşdirilmiş sistemdə "InStat" şirkəti ilə danışıqlar apardıq. Nəticədə ümumi olaraq, ildə 80 min avroluq müqavilə imzaladıq. Artıq "InStat" şirkəti bütün klublara məlumatları birbaşa göndərəcək. Nəticədə əlavə xərcə ehtiyac olmayacaq. Bu sistem mərkəzləşdirilmiş qaydada fəaliyyət göstərəcək. Ümumi olaraq, hesabladıq ki, hər bir klubumuz buna ildə 12 - 14 min avro vəsait xərcləyir. Bu statistik, fitnes və skaut sisteminin məlumatlarını əldə etmək üçündür. Mərkəzləşdirilmiş danışıqlar apardıqdan sonra biz daha yaxşı təklif ala bidik. Çünki 80 min avroya bütün milli komandalar da daxil oldu və ən əsası, məşqçilərimiz Gənclər Liqasının bütün statistik məlumatları ilə təmin olunacaqlar. Düşünürəm ki, bu, Çempionlar Liqası, UEFA Gənclər Liqasında iştirak edən klubların və ümumiyyətlə, bütün komandaların baş məşqçiləri üçün vacibdir”.
- Xərclər AFFA tərəfindən qarşılanacaq?
- Bəli. Düşündük ki, ilk növbədə, mərkəzləşdirilmiş sistemdə danışıqlar aparanda qənaət edə bilərik və etdik də. Hazırda 8 klubumuz, Gənclər Liqasında çıxış edən komandalar, bütün millilər bu sistemə daxildir. 2 illik müqavilə ötən həftədən qüvvəyə mindi. Müraciət bizə Klublar Komitəsindən gəldi. Müzakirələrdən sonra qərara gəldik ki, bu addımı ataq.
- Hazırda Azərbaycan Premyer Liqasında 2018-2019 mövsümü üçün klubların lisenziyalaşdırılması ilə bağlı məsələ nə yerdədir?
- Əslində bunun Klublar Komitəsinə aidiyyatı yoxdur. Lakin bu məsələ gündəmdədir və futbol ictimaiyyəti müzakirə edir. Dəfələrlə qeyd etmişik ki, hər şey lisenziyalaşdırmadan asılıdır. FİFA-nın lisenziyalaşdırma ilə bağlı sərt qərarları var. Bu qərarları AFFA və Premyer Liqa sisteminə daxil etmişik. Gəlin, Lisenziyalaşdırma Qrupunun qərarını gözləyək. Bütün klublar sənədlərini təqdim edib. Bəzi klublar sənədləşməni maksimum təmin etməyə çalışdılar. Bəziləri isə buna qeyri-peşəkar yanaşdılar. Onların adlarını çəkmək tərəfimdən qeyri-peşəkarlıq olardı. Amma I Divizion klublarının bu məsələyə qeyri-peşəkar yanaşmanı davam etdirmələri bizi məyus edir. Əslində I Divizion gələcəyi göstərir. İlk addımları belə qeyri-peşəkar atırlarsa, biz risk edə bilmərik. Vaxtilə AFFA İcraiyyə Komitəsi bəzi klublara güzəşt etdi ki, Premyer Liqada komanda sayı artsın. Təcrübə göstərir ki, bu, çox da müsbət effekt vermədi. Çempionat gedə-gedə bəzi klublar fəaliyyətlərini dayandırdılar, bəzilərinin maliyyə problemləri üzə çıxdı.Bu gün AFFA olaraq, çempionata 8 klubla başlayırıqsa, 8 klubla da bitirməyi təmin etməliyik. Bu, bizim üçün ən vacib məsələdir. Digər önəmli məqam maliyyə şəffaflığının təmin olunmasıdır. Nəhayət, idman meyarını qeyd edərdim. Təbii ki, infrastruktur da vacibdir. Lakin biz bu məsələnin həllinə dair bir yol tapa bilərik. Çünki hazırda AFFA-nın balansında da stadionlar var. Onları klublara təqdim etməyimiz mümkündür və etmişik də.
- Lisenziyalaşdırma Qrupunun qərarı nə zaman açıqlanacaq?
- Mayın 15-dək.
- I Diviziondan neçə klub müraciət edib?
- 10 klubun yarısı.
- Növbəti mövsüm I Divizion və əvəzedicilərin çempionatı birləşsə, komanda sayı nə qədər nəzərdə tutulub və legioner limiti necə nəzərdə tutulub?
- Bu məsələ də müzakirə olundu. İstərdik ki, Gənclər Liqası daha da gücləndirilsin. Çünki UEFA da ildən-ilə bu liqaya daha çox önəm verir. Bu dalğanı biz də davam etdirməliyik. Çünki Azərbaycan Gənclər Liqasının da qalibi avrokuboklarda təmsil olunur. Bu, çox vacib amildir. Bu, Premyer Liqada oynamağa imkan verən yaşdır. Gənclər Liqasındakı futbolçular növbəti mövsüm 20-21 yaşları olanda birbaşa Premyer Liqada oynamalıdırlar. Ona görə bu məsələ bizim üçün də vacibdir. Təbii ki, limit məsələsi də önəmlidir. Çünki hazırda 1996-1997-ci il təvəllüdlülər çıxış edirlər. Hazırda gələn mövsüm üçün 1996-1997, yoxsa 1998-1999-cu il təvəllüdlülərdən ibarət yaş qrupunu tətbiq etməyimiz müzakirə olunur. Bu, birbaşa İcraiyyə Komitəsinin səlahiyyətində olan məsələdir.
- 10 komanda alınmasa, 9 komandalı çempionatın keçirilməsi inandırıcı görünmür. Bu halda necə alınacaq?
- Hazırda planda 8 komandadır. Mövcud vəziyyəti gördüyümüzə və lisenziyalaşdırma ilə bağlı problem olduğunda görə, 10 komandanın olması ehtimalı çox azdır. Təbii ki, bu məsələ İcraiyyə Komitəsinin iclasında müzakirə olunduqdan sonra müvafiq qərar veriləcək.
- Yəni, "Xəzər” tələblərə cavab versə, "Kəpəz” I Diviziona düşəcək?
- Əsasnaməyə və idman prinsiplərini uyğun olaraq, sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək. Artıq lisenziyalaşdırma standartları və sənədləri əsasında təhlil apararaq, vəziyyəti görürük. I Diviziondan elitaya bir komandanın qalxma ehtimalı var. Bu, ilk növbədə lisenziyalaşmaların tələblərinə cavab verən klub olacaq. Biz lisenziyanı tək əsas komandaya yox, kluba veririk. Təəssüf ki, I Divizionda klub yox, bir komanda yanaşmasını görürük. Bu da birbaşa peşəkar klub statusu deyil Klub kimi fəaliyyət göstərməlidirlər. Hazırda 8 klub stabillik yaradıb. Çünki klub kimi fəaliyyət göstərirlər. Uşaq komandaları, liqalarda iştirak edirlər, məşqçiləri, həkimləri, menecerləri və digər vəzifəni tutanlar AFFA-nın təşkil etdiyi seminarlarda iştirak edirlər. Bizə lazımdır ki, Premyer Liqada klublar olsun, komandalar yox.
- Millətlər Liqasının startına beş ay qalsa da, şəhərdə bu yarışla bağlı afişalar görürük. Artıq hazırlıq prosesinə başlamısınız?
- Bəli, artıq təbliğat xarakterli aksiyalara başlamışıq. Bu prosesi üç yerə bölmüşük. Hələlik passiv aksiyalar aparılır. Avqustun əvvəlində daha aktiv reklama start verəcəyik. Çünki həmin vaxt Millətlər Liqasının oyunlarına bilet satışı başlayacaq.