"Kukesi”nin idman direktoru Nderim Nedzipi Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ”la cavab oyunundan (0:3) sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az xəbər verir ki, makedoniyalı veteran yarımmüdafiəçi keçmiş komandası "Qarabağ”ın III təsnifat mərhələsində BATE-ni də keçəcəyini bildirib.
- Oyundan əvvəl çox iddialı açıqlamalar verirdiniz. Sizcə, komandanız niyə bu hesabla uduzdu?
- Düzdür, "Qarabağ”ı keçmək istəyirdik. Amma rəqibin səviyyəsi çox yüksəkdi. Bilirdik ki, çox çətin olacaq. Ona görə də oyuna müdafiə olunmaqla başladıq. "Qarabağ”a sürpriz etməyə gəlmişdik, amma alınmadı.
- Hansı qoldan sonra mərhələ adlamaq ümidinizi tamamilə itirdiniz?
- Bəlkə bir qol vursaydıq, hər şey fərqli ola bilərdi. Ancaq qırmızı vərəqə aldığımız epizod matçın qırılma anı idi. Bir daha rəqibin gücünə şahid olduq. Məncə, "Qarabağ” son 2 oyunda gördüyümüzdən də güclü komandadır.
- İlk penalti epizodu haqda nə düşünürsünüz?
- Fasilədə soruşdum. Mənə dedilər ki, penaltidir.
- Yəqin ki, bu matçdan sonra razılaşarsınız ki, ilk görüşdəki nəticə təsadüf idi...
- Yox, elə düşünmürəm. Albaniyadakı matçda "Qarabağ”ın qol vəziyyətləri yox idi. İlk oyunda çox yaxşı müdafiə olunduq. Bura qol vurmağa gəlmişdik, ancaq vura bilmədik. Çünki "Qarabağ” bizdən daha yaxşı komandadır.
- "Sizcə, Qarabağ” növbəti mərhələdə BATE-ni də də keçə bilərmi?
- Məncə, BATE-ni də keçəcəklər. Onlara uğurlar arzu edirəm. İnanıram ki, ardıcıl 2-ci dəfə Çempionlar Liqasının qrupuna düşəcəklər.