AFFA Millətlər Liqasında V turun Azərbaycan – Farer adaları oyunu üçün akkreditasiya şərtlərinə əlavələr edib.
Sportnet.az xəbər verir ki, bu barədə "Report”a milli assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla bildirib. Onun sözlərinə görə, media nümayəndələri adı, soyadı, təmsil etdiyi KİV və vəzifəni yazmaq, eləcə də 3x4 ölçüdə elektron formatda rəsmi sənəd üçün şəkil göndərməklə yanaşı, şəxsiyyət vəsiqəsinin surətini və seriya nömrəsini (yazı formatında) də təqdim etməlidirlər.
Yenilik 29 may 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final matçına hazırlıqla bağlıdır. AFFA yerli media qurumlarının final görüşünün akkreditasiya proseduruna uyğunlaşması üçün bu addımı atıb.
Qeyd edək ki, noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Farer adaları matçı saat 21:00-da başlanacaq.