Təlim-məşq toplanışı üçün Türkiyənin Antalya bölgəsinə səfər ərəfəsində "Qəbələ"nin legioneri Ceyms Adeniyi problemlə üzləşib.
Sportnet.az-ın məlumatına görə, nigeriyalı hücumçu üçün Türkiyənin Bakıdakı səfirliyindən viza əldə etmək mümkün olmayıb. Səbəb kimi 27 yaşlı forvardın müraciət sənədlərinin ən azı bir ay əvvəldən təqdim edilməli olduğu göstərilib.
Bununla belə, Adeniyi bu gün Antalyaya aparılıb. Onun üçün viza hava limanında alınacaq.
Qeyd edək ki, Ceyms Adeniyi "Qəbələ"yə 2018-ci ilin yayında transfer olunub. O, mövsümün ilk yarısında Premyer Liqada 6 qolla komandasının bombardiri olub. Adeniyi ötən gün "Qaradağ Lökbatan"la görüşün ilk yarısında zədələnərək, əvəzlənməli olub. Baş məşqçi Sənan Qurbanov hücumçunun ayağının burxulduğunu və zədəsinin ciddi olmadığını açıqlayıb.