“Ciddi kluba qarşı oynayırdıq. Rusiya Premyer Liqasında çıxış edən rəqib çox yaxşı komandadır. Bilirdik ki, belə rəqibə qarşı səhvsiz oynamalıyıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında Rusiya "Yenisey"i ilə 2:2 hesablı heç-heçə etdikləri yoxlama matçından sonra klubunun rəsmi saytına açıqlamasında deyib.
Gənc mütəxəssis komandasının tapşırıqları yerinə yetirdiklərini bildirib: "Futbolçulara bir az çətin tapşırıq vermişdik. Ön xətdə pressinq tətbiq etməklə topu rəqibdən almaq istəyirdik. Birinci hissədə tam yaxşı alındı. Belə pressinq də güc itkisidir. Sevindirici haldır ki, futbolçular tapşırığı yerinə yetirdilər".
Bununla yanaşı, Qurbanov səhvlərinin olduğunu da diqqətə çatdırıb: "Səhvlərin belə yoxlama oyunlarında görünməsi yaxşıdır. Onları aradan qaldırmağa çalışacağıq. Ümumilikdə komanda yaxşı oynadı. Həm hücum, həm də müdafiədən razı qaldım”.