"Neftçi" klubu Yunanıstanın OFİ komandasının futbolçusu Vangelis Platellası təlim-məşq toplanışında olduğu Türkiyənin Antalya bölgəsinə dəvət edib.
Sportnet.az-ın yerli mətbuata istinadən məlumatına görə, 31 yaşlı cinah oyunçusu ilə 1,5 illik müqavilə bağlanıla bilər. Hazırda bu transferin maliyyə detalları üzərində iş gedir. Platellasın OFİ ilə sözləşməsi qüvvədə olduğundan, flaqmanın qarşı tərəfə kompensasiya ödəməsi lazımdır. Bu məbləğ 50 - 60 min avro arasında dəyişir. Futbolçunun özünə isə illik əmək haqqı kimi 250 min avro təklif olunsa da, Platellas 300 min avro istəyir. Yunanıstanlı vinger danışıqları yekunlaşdırmaq üçün Antalyaya dəvət olunub.
"Neftçi"nin mətbuat katibi Rüstəm Allahverdiyev Sportnet.az-a açıqlamasında Platellasla danışıqların aparıldığını təsdiqləyib. O, hələlik müqavilənin bağlanılmadığını əlavə edib.
Qeyd edək ki, Vangelis Platellas karyerası ərzində legioner həyatı yaşamayıb. O, əvvəllər "Kallitea", "Ksanti", AEK, "Atromitos" və "Arif"də forma geyinib. Platellas OFİ-yə 2018-ci ilin yayında 1 illik müqavilə əsasında keçib.