Hazırda Belarusun "Dinamo" (Minsk) komandasında qapıçılarla iş üzrə məşqçi kimi çalışan Aleksandr Martyoşkin "Xəzər Lənkəran"da forma geyindiyi dövrü xatırlayıb.
Sportnet.az xəbər verir ki, 49 yaşlı sabiq qolkiper "Raboçiy Put"a müsahibəsində 2004-cü ildə "ağ-yaşıllar"a keçdiyi vaxt Azərbaycanda futbola böyük marağın olduğunu diqqətə çatdırıb.
"Çox maraqlı təklif gəldi. Mən təkcə maliyyə tərəfindən danışmıram. Həmin illərdə Azərbaycanda futbol ətrafında fantastik ajiotaj hökm sürürdü. Praktik olaraq belə vəziyyəti Türkiyədə görmək olar" deyən Martyoşkin bildirib ki, "Xəzər Lənkəran"la Azərbaycan çempionluğunu qazanmağa çox yaxın olublar: "Bu komanda Bakıdan 30 km aralıda oynayırdı. Amma paytaxtda demək olar ki, qarşılaşdığım hər kəs məni tanıyırdı. Bu, futbola KİV - qəzet və radioların böyük diqqəti ilə əlaqədar idi. 2004-2005 mövsümündə "Xəzər Lənkəran" Azərbaycan futbolunun nəhəngi "Neftçi" ilə "qızıl oyun"da üz-üzə gəlmək hüququna nail oldu. Biz 1:2 hesabı ilə uduzduq. Bu isə üzücü idi, çünki əla heyətimiz vardı".
Sabiq qapıçı "Xəzər Lənkəran"ın UEFA Kubokunda Moldova "Nistru"suna uduzmasının səbəbini də açıqlayıb: "2005-2006 mövsümündə UEFA Kubokunda Moldova "Nistru"su ilə üz-üzə gəldik. Bu komandanı həddən artıq ciddiyə almadıq. Hərçənd, bütün uşaqlara xəbərdarlıq etmişdim ki, layiqli rəqibdir. Əvvəllər Soliqorsk "Şaxtyor"unda ikən "Nistru" ilə qarşılaşmışdım. Beləliklə, səfərdə 1:3, evdə isə 1:2 hesabı ilə uduzduq. Hərçənd, qələbə üçün yaxşı imkanlarımız var idi".
Martyoşkin komandanı həmin mövsümdən sərtləşdirilən legioner limiti üzündən tərk etdiyini açıqlayıb: "Artıq start heyətdə meydana 5 legioner əvəzinə yalnız 3-ü çıxa bilirdi. "Xəzər Lənkəran"ın baş məşqçisi dəyişdi, onunla birgə öz qapıçıları - azərbaycanlılar gəldilər. Mən isə "bank"da oturmadım və Belarusa getdim. Qeyd edim ki, mən "Xəzər Lənkəran"ı tərk etdikdən sonra klub axır ki çempionluq qazandı və avrokuboklarda kifayət qədər tez-tez iştirak etdi. Amma iki il əvvəl komanda fəaliyyətini dayandırdı".
Keçmiş qapıçı "Xəzər Lənkəran" azarkeşlərini də xoş sözlərlə xatırlayıb: "Orada səfər matçlarımızı sabit olaraq, 10-12 avtobusla dolu azarkeşlərimiz izləyirdi. Dəstək həm ev, həm də səfər oyunlarımızda təmin olunurdu. Azərbaycanda futbolu çox sevirlər. Adi məşqlərə bir neçə min azarkeşin toplaşdığı hallar da olurdu".
Qeyd edək ki, Aleksandr Martyoşkin "Xəzər Lənkəran"da 2004-2005-ci illərdə çıxış edib.