“Zirə”nin cari mövsüm Azərbaycan Premyer Liqasında ən çox qol vuran futbolçularının siyahısında ikihakimiyyətlilik yaranıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, XXII turda “Səbail”ə 1:2 hesablı məğlubiyyətlə nəticələnən oyunda rəqib qapısına qol vuran Xulio Sezar Rodriges hesabını üç topa çatdırıb. 29 yaşlı paraqvaylı hücumçu bu göstəricidə Mirsahib Abbasova çatıb.
Qış fasiləsində transfer olunan Rodriges həm də “Zirə”nin tarixində ən çox qol vuran oyunçular siyahısında irəliləyib. Cənubi amerikalı Premyer Liqada “Qartallar” üçün 3 qol vuran Adil Nağıyev, Tellur Mütəllimov, İqor İvanoviç və Mirsahib Abbasova çatıb. Bu oyunçular bombardirlər cədvəlində 16 - 20-ci yerləri bölüşürlər.
“20-liy”ə daxil olan Rodriges 3 qolu cəmi 7 oyunda vurub. Bu da “Zirə”nin rekordunun təkrarıdır. İndiyədək yalnız Nelson Bonilya ilk 7 matçında belə məhsuldarlıq göstərib. O, 2015/2016 mövsümündə debüt etdiyi qəsəbə komandasında qol sayını 7-ci oyunda 3-ə çatdırıb.
Qeyd edək ki, "Zirə"nin Premyer Liqadakı ən yaxşı bombardiri olan Bonilya 14 dəfə fərqlənib.