Rusiya Premyer Liqasının qalibi sona 3 tur qalmış müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, "Zenit" klubu tarixində 5-ci dəfə ölkə çempionu olub. Sankt-Peterburq təmsilçisi XXVII turda "Axmat"la 1:1 hesablı heç-heçə etsə də, ən yaxın izləyicisi "Lokomotiv"in Tula "Arsenal"ına 0:2 hesablı məğlubiyyətindən sonra əlçatmaz olub. Bu nəticələrdən sonra xallarını 58-ə çatdıran "Zenit" "dəmiryolçular"ı 9 xal geridə qoyub. Düzdür, Sergey Semakın baş məşqçi olduğu kollektiv qalan 3 turda uduzsa, "Lokomotiv" isə qələbələr qazansa, bu iki komandanın xalları bərabərləşəcək. Lakin şəxsi görüşlərdə "Zenit" üstün olması (5:3, 1:1) səbəbindən yenə birinci pillədə qalacaq.
Qeyd edək ki, ötən mövsüm Rusiya çempionu adını "Lokomotiv" qazanıb.