
Şotlandiyanın “Sent-Mirren” klubu qapıçısı Vatslav Qladki üçün “Qarabağ”ın 200 min funt sterlinqlik təklifini geri çevirib.
Sportnet.az-ın məlumatına görə, “The Scottish Sun” portalı Peysli təmsilçisinin 29 yaşlı çexiyalı qapıçını daha böyük məbləğə satmaq istədiyini yazıb. Bildirilir ki, Ağdam klubu futbolçuya hazırkı əmək haqqının 6 qatını verməyə hazırdır. Ona görə də “Qarabağ”ın Qladkinin transferi üçün “Sent-Mirren”ə daha yaxşı təklif irəli sürəcəyi gözlənilir.
Şotlandiya təmsilçisi ilə 2020-ci ilin iyununa qədər müqaviləsi olan çexiyalının karyerasını İngiltərədə davam etdirməyi hədəflədiyi, bu üzdən onun “Sent-Mirren”də qalmasının mümkünlüyü vurğulanır. Klubun icraçı direktoru Toni Fitspatrik də Qladki ilə müqavilə müddətini uzatmaq istədiklərini bildirib. Lakin “Qarabağ”dan daha sərfəli təklif gələcəyi təqdirdə, qolkiperin satılacağı da istisna olunmur.
Qeyd edək ki, Vatslav Qladki 2016/2017 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində Çexiyanın “Slovan” komandasının heyətində yer alsa da, “Qarabağ”la hər iki matçda ehtiyatda qalıb ("Report").