"Bu, müstəqillik dövründə Azərbaycan klublarının Rusiya təmsilçisi üzərində ilk qələbəsidir. Bu münasibətlə hamını təbrik edirəm. Ancaq hesab edirəm ki, biz müharibəni yox, sadəcə, bir döyüşü udmuşuq".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin prezidenti Kamran Quliyev Rusiyada "Arsenal"ı 1:0 hesabı ilə məğlub etdikləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra təşkil edilən mətbuat konfransında deyib. Klub rəsmisi digər sualları da cavablandırıb...
- Bu sayda azarkeşin gəlməsi nə dərəcədə gözlənilməz idi?
- Gözlənilən idi. Onların bizi dəstəkləyəcəyindən xəbərimiz var idi. Sağ olsunlar, burda yaşayan soydaşlarımız da, Bakıdan gələn fanatlarımız da. “Neftçi” sevilən klubdur. Bu azarkeşlər 3000 km-lik yol qət edib, Moldovaya gediblərsə, bura niyə gəlməsinlər? Bilmək olmaz, bu mərhələni keçsək, bəlkə İsrailə də getdilər.
- Hər kəs oyundan əvvəl ürəyində bir proqnoz tutur. Kamran Quliyevin proqnozu necə idi?
- Açığı, heç-heçəni arzulayırdım. Bu, bir hədiyyədir, amma bu qələbə qeyri-adi hal deyil. Çünki biz zəif komanda deyilik.
- “Neftçi” Tulaya məlum səbəblərdən yorğun gəlmişdi...
- Futbolçularımız sərgilədikləri oyunla peşəkar olduqlarını sübuta yetirdilər. Bu cür hadisə istənilən klubun başına gələ bilərdi.
- Cari avrokubok mövsümündə “Neftçi” qol buraxmayan yeganə komandadır...
- Nəinki qol buraxmayan, keçirdiyi 3 oyunun hamısından qalib ayrılıb.
- Mərhələnin taleyi neçə faiz həll olunub?
- 50 faiz.
- Hər qələbə, hər keçilən mərhələ “Neftçi”nin büdcəsinin zənginləşməsi deməkdi. Mərhələ adlanacağı təqdirdə, yeni transferlər gözlənilirmi?
- “Neftçi” çətin dövr yaşadı. Hazırda bütün xərclərimizi yoluna qoymuşuq ki, nə mövsümün gedişatında, nə də sonra borclarımız olsun. Ancaq bu mərhələni adlaya bilsək, ola bilər ki, dediyiniz istiqamətdə addım ataq.