
"Bundan daha yaxşısı ola bilməzdi. İndi öz üzərimdə işləməyə davam edəcəyəm. Çünki ötən mövsüm meydanda kifayət qədər az olmuşam".
Sportnet.az "Freiepresse.de" saytına istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin və "Aue" klubunun futbolçusu Dmitri Nazarov Almaniya II Bundesliqasında "Qröyter Fürt"ə səfərdə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
29 yaşlı yarımmüdafiəçi üç həftə ərzində yığma komandada olduğu üçün tətilə çox vaxt ayırmadığını söyləyib. Nazarov hazırda özünü yaxşı hiss etdiyini vurğulayıb: "Bu gün cəsatətli idik və çox yaxşı iş gördük".
İlk qolun müəllifi zərbəsi barədə də danışıb: "Cərimə meydançasında topu qəbul etməyə vaxtınız olmur. Mən də birbaşa zərbə vurdum. Qol VAR sistemi tərəfindən uzun müddət yoxlanıldı. Nəyi yoxladıqlarını bilmirəm. Qolu ləğv edəcəklərini düşündüm".
Qeyd edək ki, "Aue" 2013-cü ildən sonra ilk dəfə start oyununda qələbə qazanıb. Dmitri Nazarov isə 25-ci dəqiqədə fərqlənib.