"Qarabağ" komandası UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi III təsnifat mərhələsində Kipr APOEL-inə iki oyunun yekununda uduzub. Səfərdəki ilk matçda 2:1 hesablı qələbəyə sevinən Ağdam klubu Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş cavab matçında 0:2 hesablı məğlubiyyətlə üzləşib. Tamamilə dolu tribunalar önündəki görüşə hər iki komanda fəal başlayıb.
Matçın əvvəllərində "Qarabağ" bir neçə sürətli hücum təşkil etsə də, məntiqi sonluğa çatdırmaq mümkün olmayıb. APOEL isə yeni baş məşqçisi Tomas Dollun göstərişi ilə irəli atılmaq üçün fürsətlər yaxalamağa çalışıb. Qonaq komanda belə hücumların birində penalti qazanıb. 34-cü dəqiqədə Nikolas Yannu "Qarabağ"ın kapitanı Rəşad Sadıqovla mübarizədə yerə yıxılıb. Almaniyalı referi Daniel Sibert penalti nöqtəsini göstərib. İtaliyalı müdafiəçi Tomas De Vinsenti bu imkandan yararlanmağı bacarıb. Bərabərlik qolunu vurmağa çalışan "Qarabağ" ilk yarıda ən real qol vəziyyəti 44-cü dəqiqədə yaradıb.
Lakin Mahir Emrelinin qapı qarşısına ötürməsindən sonra Abdullah Zubirin qüvvətli zərbəsini APOEL-in qapıçısı Vid Belets dəf etməyi bacarıb. İkinci hissə də Azərbaycan təmsilçisinin hücumları ilə başlayıb. Daha bir imkan isə 55-ci dəqiqədə yaranıb. Bu dəfə rəqib qapıçı Riçard Almeydanın zərbəsini dəf etməyi bacarıb. 59-cu dəqiqədə isə qapı qarşısına ötürmədən sonra Mahir Mədətovun zərbəsi azacıq yandan keçib. 68-ci dəqiqədə isə rəqib istəyinə çatıb. Makedoniyalı müdafiəçi Uroş Matiç uzaqdan zərbə ilə yekun nəticəni müəyyənləşdirib. Bu qoldan sonra "Qarabağ"ın fərqi azaldaraq, oyunu əlavə vaxta uzatmaq cəhdləri nəticə verməyib. Beləliklə, Azərbaycan təmsilçisi mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Rəqib isə Linfild" (Şimali İrlandiya) - "Sutyeska" (Monteneqro) cütünün qalibi olacaq.
----------------------------------------------
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında (ÇL) növbəti oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi III təsnifat mərhələsinin cavab matçı çərçivəsində Kiprin APOEL komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 20:30-da start götürəcək.
Ötən həftə Nikosiyadakı GSP stadionunda gerçəkləşmiş ilk qarşılaşmada “Qarabağ” 2:1 hesabı ilə qalib gəlib. “Köhlən atlar” ikinci hissədə Mahir Emreli və Maqaye Qeyenin qolları ilə önə keçdiyi halda, rəqibin heyətində Giorgos Merkis 90+5-ci dəqiqədə fərqi minimuma endirməyi bacarıb.
Bu məğlubiyyətdən sonra APOEL baş məşqçisi Paolo Trametsani ilə yollarını ayırıb. Onu bu postda Tomas Doll əvəzləyib. Almaniyalı mütəxəssislə 2 illik müqavilə bağlanılıb.
“Qarabağ” APOEL səddini keçəcəyi halda, Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək və ÇL-in pley-offunda “Ayaks” (Hollandiya) – PAOK (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq. Bu kollektivlərin Yunanıstanda keçirilmiş ilk oyununda 2:2 hesablı heç-heçə qeydə alınıb.
Ağdamlılar APOEL-i mübarizədən kənarlaşdıra bilməsələr, Avropa Liqasının pley-offunda “Linfild” (Şimali İrlandiya) – “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə üz-üzə gələcəklər. Bu komandaların ilk duelində “Linfild” səfərdə qələbə qazanıb – 2:1.
Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
20:30. “Qarabağ” (Azərbaycan) – APOEL (Kipr) - 0:2
Qol: Tomas De Vinsenti, 34 (penalti ilə). Uroş Matiç, 68
Baş hakim: Daniel Sibert
Yan xətt hakimləri: Yan Seydel və Lasse Kozlovski
Dördüncü hakim: Martin Petersen (hakimlər briqadası Almaniyadandır)
Hakim-inspektor: Yorn Vest Larsen (Danimarka)
UEFA nümayəndəsi: Velid İmamoviç (Bosniya və Herseqovina)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.