
“Zirə" Azərbaycan Premyer Liqasında cari mövsümün ilk ev oyununu II turda “Neftçi”yə qarşı keçirəcək.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qartallar” ölkənin ən titullu klubu ilə 17-ci dəfə qarşılaşacaq. İlk dəfə 2015/2016 mövsümündə üz-üzə gələn rəqiblər arxada qalan 4 çempionatın hərəsində 4 dəfə münasibətlərini aydınlaşdırıblar. “Zirə” əvvəlki çempionat matçlarında üstünlüyə malikdir. Oyunların yarısında – 8 dəfə qalib gələn “qartallar” 5 heç-heçə edib və 3 dəfə meydandan xalsız ayrılıb. Top fərqində də öndə olan komanda texniki nəticə nəzərə alınmamaqla 20 qol vurub, 15-ni buraxıb.
“Neftçi”nin qapısına ən çox qol vuran futbolçu Luis Alberto Diez 3 dəfə fərqlənməyə müvəffəq olub. Nelson BonilYa, Riçard Qadze, Vüsal İsgəndərli və Mfo Kqasvane 2 dəfə rəqib qapısına yol tapıb. Ümumilikdə 13 oyunçu bu matçlarda qol sevinci yaşayıb. Bir top isə rəqib avtoqolu sayəsində gerçəkləşib.
İndiyədək 8 dəfə evdə “Neftçi” ilə üz-üzə gələn “Zirə” 5 qələbə qazanıb, 1 heç-heçə edib və 2 matçdan xalsız ayrılıb. Doğma divarlar arasında 9 qol vuran qəsəbə təmsilçisi 5 top buraxıb.
Qeyd edək ki, “Zirə” – “Neftçi” oyunu avqustun 26-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. Matç saat 19:00-da başlayacaq.