
"Gözlədiyim kimi asan matç olmadı. Rəqib bizi arxa xəttdə qarşıladı. İlk qoldan sonra daha çox boşluqlar tapdıq və öz oyunumuzu sərgiləməyə başladıq".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Abdullah Zubir Premyer Liqanın II turunda "Qəbələ"ni 3:0 hesabı ilə məğlub etdikləri matçdan sonra söyləyib. 28 yaşlı yarımmüdafiəçi Şimali İrlandiyanın "Linfild" komandası ilə keçirəcəkləri Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu (ilk oyun - 2:3) barədə də fikirlərini bölüşüb. Fransalı oyunçu rəqibin sadə komanda olmadığını sözlərinə əlavə edib: "İlk matçda bizim və rəqibin çoxlu qol epizodları oldu. Hesab 1:3 olsaydı, daha çətin olardı. Cavab qarşılaşmasında özümüzə inanırıq".
Fransanın "Genqam" klubunun maraqlandığı yarımmüdafiəçi transfer məsələsi ilə bağlı bunları söyləyib: "Mən "Qarabağ"ın futboluçusuyam. Bu klubla müqaviləm var. Məni satmaq istəmirlərsə, bu, klubun öz işidir. Danışmağım düzgün olmaz. "Qarabağ"da özümü xoşbəxt hiss edirəm".