"Hazırlığa çox vaxtımız olmayıb. Rəqibin son matçını təhlil etmişik. Bu gün oyunöncəsi məşqə çıxacağıq".
Sportnet.az-ın məlumatına görə, bunu Xorvatiya yığmasının futbolçusu Domaqoy Vida Azərbaycan millisinə qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə oyunundan əvvəl mətbuat konfransında deyib.
Türkiyənin "Beşiktaş" klubunda çıxış edən mərkəz müdafiəçisi bildirib ki, Bakıya qələbə qazanmaq üçün gəliblər: "Bir neçə il öncə bu rəqiblə qolsuz heç-heçə etmişdik. Bu il Zaqrebdə 2:1 hesabı ilə qalib gəldiyimiz oyunda da çətinlik çəkdik. Azərbaycan millisinin sıfır xalının olması komandanın real səviyyəsini göstərmir. Sabah maksimum dərəcədə yaxşı oynamalıyıq. Uelsə və Slovakiyadakı kimi oynaya bilsək, müsbət nəticə qazanacağıq".
Vida Azərbaycan yığmasının sürpriz şansları ilə bağll sualı belə cavablandırıb: "Hazırda dünya reytinqində 2-ci yerdəyik, bura qələbə qazanmaq üçün gəlmişik. Amma rəqibə də hörmətlə yanaşırıq. Dünya çempionatından sonra ən yaxşı oyunumuzu bir neçə gün öncə Slovakiyaya qarşı keçirməyimiz fikri ilə razıyam. Amma biz keçmişlə yaşamamalıyıq".
Təcrübəli oyunçunun sözlərinə görə, Uelsin Azərbaycanı 2:1 hesabı ilə məğlub etdiyi görüşü tam izləməyiblər: "Müəyyən epizodlara baxdıq. Azərbaycan millisinin bəxtinin gətirmədiyini söyləyə bilərəm. Biz ilk növbədə, öz oyunumuza köklənməliyik".
Vida 4 oyunu Bakıda olacaq Avropa çempionatına vəsiqə barədə danışmağın hələ tez olduğunu da vurğulayıb: "Avropa çempionatına çox vaxt var. Bakı gözəl şəhərdir. AVRO-2020-yə vəsiqə qazanandan sonra qrup matçlarımızı burda keçirmək barədə düşünə bilərik".
Qeyd edək ki, sentyabrın 9-da "Bakcell Arena"da keçiriləcək matç saat 20:00-da başlayacaq.