
"Dövlət Bayrağı Günü münasibətilə xalqımızı təbrik edirəm. Azarkeşlərimizi bu bayrama görə sevindirmək istəyirdik. Komanda əlindən gələni etdi və qələbə qazandı".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Səbail"i 3:0 hesabı ilə darmadağın etdikləri Azərbaycan Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransında deyib. 38 yaşlı mütəxəssis bildirib ki, gənc komanda üçün qələbə qazanmaq çox sevindiricidir: "Komandamızda yetərincə gənc oyunçular var ki, bu qələbə onlar üçün əlavə motivasiyadır. İbrahima Niassenin komandaya qoşulmağını mən xahiş etmişdim. O, artırmağa qadirdir, təcrübəsi bizə çox lazım olacaq. Məğlub olduqdan sonra da bu komandaya inanırıq. Komandanın potensialını görürük, bundan artığına layiqdir. Sonadək üzərimizə düşənə edəcəyik ki, daha yuxarı mövqelərə yaxınlaşacaq. Məqsəd oyun keyfiyyətlərini artırmaq və gənclərin təcrübə toplamasıdır".
Dubl müəllifi Davit Volkovu zədələndiyi üçün öz xahişi ilə əvəzlədiyini söyləyən Baxşıyev gürcüstanlı hücumçunun mikrozədə aldığını diqqətə çatdırıb. O, qarşıdakı turlarda daha fərqli çıxış edəcəklərini vurğulayıb: "Sabah”la oyunda daha yaxşı oynasaq da, qol imkanlarından yararlanmadıq. Komandamızda çox gənc futbolçular var, təcrübə baxımından geri qalırıq. Bunu istək və əzmkarlıqla kompensasiya edirik. Daha fərqli komanda görəcəksiniz, məzmunlu və baxımlı futbol göstərəcəyik. Bu epizodları yaratmaq da müsbət məqamdır və sevindiricidir. Bu imkanlardan yararlanmağın üzərində işləyib, istifadə ilə bağlı çatışmazlığı aradan qaldıracağıq”.