"Matç yaxşı başladı və yaxşı oyun sərgilədik. Hücum da etdik, qol epizodları yaratdıq. Sadəcə imkanlardan yararlana bilmədik. Amma ikinci hissədə istəyimizə çatdıq. Qələbə qazanmaq önəmli idi. 1:0 olsa belə, qazanmaq çox gözəldir".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Doğukan Oksuz Sumqayıtda Lixtenşteynə 1:0 hesabı ilə qalib gəldikləri AVRO-2021-in seçmə matçından sonra jurnalistlərə açıqlamasında deyib.
20 yaşlı hücumçu bildirib ki, qol vura bilməsəydilər oyunun sonları çətin keçəcəkdi: "Amma qol vuracağımızı bilirdik. Çünki yaxşı oynayırdıq və qol şansları yaradırdıq. Qolu cərimə zərbəsindən sonra vurduq. Barışı da qol üçün təbrik edirəm".
Türk əsilli oyunçu qarşıdakı matçlarda da yaxşı nəticələr qazana biləcəklərini sözlərinə əlavə edib: "Düşünürəm ki, İsveçrəni məğlub edə bilərik. Burada onlara bəxtsizlikdən uduzduq. Gürcüstanı da məğlub edə bilərik. Fransaya qarşı isə ən yaxşı şəkildə mübarizə aparacağıq. Bilirdik ki, Lixtenşteyni məğlub edə bilməsək, tənqidlər çox olacaq. Azarkeşlər bizdən çox şey gözləyir. Biz də bəxtsizlikdən uduzurduq. Amma burada qələbə qazanaraq fanatları xoşbəxt etməyə çalışdıq. Bu qələbəni onlara hədiyyə edirik. Biz oyunlarda əlimizdən gələnin ən yaxşısını edirik. Oyunların təqviminin bir mənası yoxdur. Qələbələrlə yolumuza davam edəcəyik".
Doğukan Oksuz "qrupu neçənci pillədə başa vura bilərik" sualına belə cavab verib: "Lixtenşteynin önündə olacağıq. Seçmə mərhələdə Gürcüstan və Slovakiyanı da qabaqlaya bilərik".