
UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, ikinci oyun günündə E, F, G və H qruplarındakı komandalar qarşılaşıblar. Qarşılaşmaların yekununda İspaniyanın "Barselona" və Almaniyanın "Leyptsiq" komandaları 1/8 finala vəsiqəni təmin ediblər.
F qrupunda yer alan "Barselona" mərhələni Almaniyanın "Borussiya" (Dortmund) komandası üzərində 3:1 hesablı ev qələbəsi sayəsində adlayıb. Kataloniya komandasının heyətində 700-cü matçını keçirən Lionel Messi qollardan birinin müəllifi olub. Qrupun digər matçında İtaliya "İnter"i Çexiyada "Slaviya"nı 3:1 hesabı ilə yenib. Nəticədə "Slaviya" 2 xalla qrupda qalıb.
G qrupundakı "Leyptsiq" isə 1/8 finala vəsiqəni Portuqaliya "Benfika"sı ilə ev oyununun uzatma dəqiqələrində təmin edib. Meydan sahibləri 0:2 hesabı ilə geridə olduqları vaxt səhnəyə Emil Forsberq çıxıb. İsveçli yarımmüdafiəçi "dubl" edərək, heç-heçədə önəmli rol oynayıb. Bununla da xalları 10-a çatdıran "Leyptsiq" növbəti mərhələni təmin edib. Rusiyada Fransa "Lion"una qalib gələn "Zenit" 2-ci pilləyə yüksəlib. İndi "Zenit"lə yanaşı, "Lion və "Benfika" da növbəti mərhələ şanslarını qoruyur.
Turnirin son qalibi "Liverpul" İngiltərədə İtaliyanın "Napoli" klubuna məğlubiyyətdən yaxa qurtarmağı bacarıb. E qrupunun digər matçında "Genk" Belçikada Avstriya "Zaltsburq"una böyük hesabla uduzub - 1:4. Bununla da "Genk" 1 xalla qrupda qalıb. Qalan 3 komanda isə növbəti mərhələ uğrunda mübarizə aparacaq.
Nəhayət H qrupunda "Valensiya" İspaniyada İngiltərənin "Çelsi" klubu ilə heç-heçəyə nail olub. Nəticədə "yarasalar" şəxsi oyunlardakı üstünlükləri sayəsində "zadəganlar"ı keçiblər. Qrup liderliyinə isə yenə Hollandiya "Ayaks"ı yüksəlib. "Ayaks" bu tur Fransa "Lill"i üzərində inamlı qələbə qazanıb.
Beləliklə, Çempionlar Liqasının 1/8 final mərhələsinin 16 iştirakçısından yarısı artıq məlumdur. "Barselona" və "Leyptsiq"dən başqa bu hüquqa İngiltərənin "Mançester Siti" və "Tottenhem", İspaniyanın "Real Madrid", İtaliyanın "Yuventus", Almaniyanın "Bavariya", Fransanın PSJ klubları yiyələnib.
--------------------
UEFA Çempionlar Liqasında V turun daha 2 oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Rusiyada "Zenit" Fransa "Lion"unu qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 42-ci dəqiqədə Artyom Dzyuba açıb. 84-cü dəqiqədə isə Məhəmməd Ozdoyev yekun nəticəni müəyyənləşdirib.
Bu nəticədən sonra xallarını 7-yə çatdıran "Zenit" G qrupunda 2-ci pilləyə yüksəlib. Eyni xala malik "Lion" isə 3-cü pilləyə enib. 9 xalla ilk sırada yer alan Almaniya "Leyptsiq"i saat 24:00-da başlanacaq qarşılaşmada 3 xalı olan Portuqaliya "Benfika"sını yensə, qrup lideri kimi 1/8 finala yüksələcək.
H qrupundakı matçda isə "Valensiya" İspaniyada Avropa Liqasının son qalibi "Çelsi" ilə heç-heçəyə nail olub - 2:2. Meydan sahiblərindən Karlos Soler 40-cı, Daniel Vass 82-ci, qonaqlardan isə Mateo Kovaçiç 41-ci, Kristian Pulişiç 50-ci dəqiqədə fərqlənib. Bu nəticədən sonra "Valensiya" 8 xalla liderliyə yüksəlib. Eyni xala malik "Çelsi" ikincidir. Lakin saat 24:00-da başlanacaq qarşılaşmada Hollandiya "Ayaks"ı Fransada 1 xalı olan "Lill"ə qalib gəlsə, xallarını 10-a yüksəldəcək və yenidən liderliyə yüksələcək.
Qeyd edək ki, turun qalan 6 oyunu bu gecə keçiriləcək.
Çempionlar Liqası
Qrup mərhələsi, V tur
27 noyabr
E qrupu
24:00. "Liverpul" (İngiltərə) - "Napoli" (İtaliya) - 1:1
Qollar: Deyan Lovren, 65 - Dris Mertens, 21
24:00. "Genk" (Belçika) - "Zaltsburq" (Avstriya) - 1:4
Qollar: Alli Mbvana Samatta, Patson Daka, 43. Takumi Minamino, 45. Hi-Çan Hvanq, 69. Erlinq Braut Holand, 87
Xal durumu: "Liverpul" - 10, "Napoli" - 9, "Zaltsburq" - 7, "Genk" - 1.
F qrupu
24:00. "Barselona" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya) - 3:1
Qollar: Luis Suares, 29. Lionel Messi, 33. Antuan Qrizmann, 67 - Ceydon Sanço, 77
24:00. "Slaviya" (Praqa, Çexiya) - "İnter" (İtaliya) - 1:3
Qollar: Tomaş Suçek, 37 (pen.) - Lautaro Martines, 19; 88. Romelu Lukaku, 81
Xal durumu: "Barselona" - 11, "İnter" - 7, "Borussiya" - 7, "Slaviya" - 2
G qrupu
21:55. "Zenit" (Rusiya) - "Lion" (Fransa) - 2:0
Qol: Artyom Dzyuba, 42
24:00. "Leyptsiq" (Almaniya) - Benfika" (Portuqaliya) - 2:2
Qollar: Emil Forsberq, 90 (pen.); 90+6 - Pitsi, 20. Karlos Viniçius, 59
Xal durumu: "Leyptsiq" - 10, "Zenit" - 7, "Lion" - 7, "Benfika" - 4
H qrupu
21:55. "Valensiya" (İspaniya) - "Çelsi" (İngiltərə) - 2:2
Qollar: Karlos Soler, 40. Daniel Vass, 82 - Mateo Kovaçiç, 41. Kristian Pulişiç, 50
24:00. "Lill" (Fransa) - "Ayaks" (Hollandiya) - 0:2
Qollar: Hakim Ziyeş, 2. Kvinsi Promes, 59
Xal durumu: "Ayaks" - 10, "Valensiya" - 8, "Çelsi" - 8, "Lill" - 1.
ik