"Oyuna indi olan futbolçularla hazırlaşdıq. Heyətdə bəzi problemlər var. Tellur Mütəllimov oyun günü xəstələndi, matça gələ bilmədi. Bəzi səhvlər etdik, 4 qol buraxdıq. Üç qolu rəqibə hədiyyə etdik. Ən pis şey "qara zolağ"a düşməkdir. Mən bundan qorxurdum".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Zirə"nin baş məşqçisi Zaur Həşimov Premyer Liqanın XVIII turunda "Keşlə"yə 0:4 hesabı ilə məğlub olduqları matçdan sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis bildirib ki, komanda 8 nəfərlə mübarizə apara bilməz: "Komanda şəklində müdafiə olunmaq lazımdır. Müdafiə hücumdan başlayır. Səhvlərdən sonra yekunda hesab belə oldu. Birinci qolu oyundankənar vəziyyətdən buraxdıq. Mən də qışqırdım ki, ofsayddır".
Həşimov "Zirə"də böyük problemlərin olduğunu söyləyib: "Əvvəlki matçlarda qırmızı vərəqələr oldu. Heyət kasaddır. Biz hazırda yerli futbolçular baxımından bütün rəqiblərimizə uduzuruq. Məğlubiyyətlər bizi sarsıdır, amma mübarizə aparmağa çalışacağıq. 4-cü yer uğrunda sonra kimi vuruşacağıq".