Azərbaycan Premyer Liqasında XVIII turun son oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" və "Sumqayıt" komandaları üz-üzə gəlib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 49-cu dəqiqədə Mahir Emreli vurub. Emreli həm də uzatma dəqiqələrində ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.
Bu qələbə sayəsində xalını 41-ə çatdıran lider "Qarabağ" yenidən ən yaxın izləyicisi "Neftçi"ni 8 xal geridə qoyub. "Sumqayıt" isə 22 xalla 4-cüdür.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" səfərdə "Qəbələ"ni 2:0, "Keşlə" evdə "Zirə"ni 4:0 hesabı ilə yenib, "Sabah" - "Səbail" matçında isə qalib müəyyənləşməyib.
---------------------
Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, "Sabah" evdə "Səbail"i qəbul edib.
"Bank Respublika arena"da keçirilən görüş qolsuz başa çatıb. Matçın 15-ci dəqiqəsində meydan sahiblərinin heyətində moldovalı yarımmüdafiəçi Yevgeni Koçuk qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. 88-ci dəqiqədə "Sabah"ın yeni transferi Ramil Şeydayev meydana daxil olaraq təqribən 1,5 illik fasilədən sonra yenidən Azərbaycan Premyer Liqasında debüt edib.
Bu nəticədən sonra xallarını 20-yə çatdıran "Sabah" 6-cı pillədəki mövqeyini qoruyub. "Səbail" isə 19 xalla 7-ci sırada qalıb. Tura bu gün keçiriləcək "Qarabağ" - "Sumqayıt" oyunu ilə yekun vurulacaq. Qeyd edək ki, ilk oyun günündə "Neftçi" səfərdə "Qəbələ"ni 2:0, "Keşlə" isə evdə "Zirə"ni 4:0 hesabı ilə məğlub edib.
---------------
Azərbaycan Premyer Liqasında XVIII tura bu gün iki oyunla yekun vurulacaq. Sportnet.az-ın məlumatına görə, görüşlər paytaxt stadionlarında keçiriləcək.
Masazır qəsəbəsindəki "Bank Respublika Arena"da "Sabah" və "Səbail" komandaları üz-üzə gələcək. Hər iki kollektiv son 2 matçından qələbə ilə ayrılıb. Hazırda "Sabah" 19 xalla 6-cı, "Səbail" 18 xalla 7-ci pillədə qərarlaşıb. Bu görüşün qalibi 5-ci pilləyə yüksələcək.
İki komanda indiyədək 6 dəfə qarşılaşıb. Oyunlardan 3-də "Sabah", 2-də "Səbail" qələbə qazanıb, 1 matçda isə heç-heçə qeydə alınıb. Topların nisbətində də masazırlılar öndədirlər - 9:7. “Sabah” son üç oyunda 3 qol vuraraq qalib gəlib. Bu komandanın ev matçlarında üç və ya daha çox top qeydə alınır.
Turun son oyununda "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Sumqayıt"ı qəbul edəcək. Görüşün nəticəsi nə 38 xalla 1-ci yerdə gedən Ağdam klubunun, nə də 22 xalla 4-cü olan "gənclik şəhəri" təmsilçisinin mövqeyinə təsir edəcək.
Bununla belə, hər iki kollektivə qələbə qazanaraq, hazırkı mövqelərində möhkəmlənmək və ən yaxın izləyiciləri ilə xal fərqini artırmaq vacibdir. Çünki "Neftçi"nin ilk oyun günündə "Qəbələ" üzərində 2:0 hesablı səfər qələbəsindən sonra "Qarabağ"la xal fərqi 5-ə enib, "Keşlə"nin "Zirə"ni evdə 4:0 hesabı ilə yenməsindən sonra isə "Sumqayıt" 3-cü pillədən 7 xal geri düşüb.
Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv cari mövsüm Premyer Liqada yeganə məğlubiyyətini məhz bugünkü rəqibindən alıb. 2019-cu il noyabrın 22-də keçirilmiş matçda "Sumqayıt" evdə 2:1 hesablı qələbə qazanıb. "Qarabağ" isə ilk dövrənin oyununda üstün olub - 2:0.
Ümumiyyətlə, iki komanda arasında indiyədək 30 çempionat görüşü keçirilib. Bunların 22-də "Qarabağ", 5-də "Sumqayıt" üstün olubsa, 3 matç heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də ağdamlılar böyük fərqlə öndədirlər - 64:14. 17 matçdır meydanı qolsuz tərk etməyən “Qarabağ” axırıncı 8 ev oyununda qalib gəlib. “Sumqayıt” isə səfərdəki son 4 matçda qol vurmayıb.
Azərbaycan Premyer Liqası, XVIII tur
23 fevral (bazar)
16:00. “Sabah” – “Səbail” - 0:0
Qırmızı vərəqə: Yevgeni Koçuk, 15 ("Sabah")
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Elşad Abdullayev, Rəhim Həsənov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Bank Respublika Arena”
18:00. “Qarabağ” – “Sumqayıt” - 1:0
Qol: Mahir Emreli, 49
Qırmızı vərəqə: Mahir Emreli, 90+2 ("Qarabağ")
Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Cavanşir Yusifov, Orxan Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Tofiq Bəhramov adına Respublika Stadionu.