FIFA 2018 və 2022-ci il dünya çempionatlarına ev sahibliyi edən ölkələri seçərkən qurum rəsmilərinin mümkün rüşvət hallarının müəyyənləşdirilməsi ilə bağlı istintaqı dəstəkləyir.
Sportnet.az-ın məlumatına görə, bu barədə ali futbol qurumunun Mətbuat xidmətindən “Interfax” nəşrinə verilən açıqlamada bildirilir.
Açıqlamada FIFA-nın daxili və ya beynəlxalq futbol yarışları ilə əlaqəli iddia edilən cinayət əməllərinə dair bütün araşdırmaları dəstəklədiyi bildirilib: "Bu cür hadisələri araşdıran hüquq-mühafiz orqanlarına hərtərəfli yardım göstərməyə davam edəcəyik. Təşkilat bu araşdırmaları və məhkəmələrdəki bütün hadisələri yaxından izləyir. Bu, ABŞ və dünyanın digər yerlərinə də aiddir”.
“FIFA-nın yüksək rəsmiləri ABŞ Ədliyyə Nazirliyi ilə daim təmasdadır. Axırıncı ittiham aktından sonra qurum bu məsələlər barədə nazirlikdən əlavə məlumatları istəyəcək” - deyə təşkilatdan vurğulanıb.
Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyinin məlumatında FIFA-nın sabiq vitse-prezidenti Cek Uornerin Rusiyadan 5 milyon dollar rüşvət aldığı vurğulanıb. Ali futbol qurumunun İcraiyyə Komitəsinin üzvü Rafael Salqeronun isə 1 milyon dollar qarşılığında Rusiyaya səs verdiyi irəli sürülüb.
Bundan başqa, Braziliya Futbol Konfederasiyasının keçmiş prezidenti Rikardo Teyşeyra və FIFA-nın keçmiş vitse-prezidenti, Cənubi Amerika Futbol Konfederasiyasının prezidenti Nikolas Leozun da səsvermədə rüşvət aldığı iddia olunub. 2018-ci ildəki mundial Rusiyada keçirilib və Fransa millisi qızıl medal qazanıb, DÇ-2022 isə Qətərdə olacaq.