"Çempionatın ləğv olunmasını istəmirdik, lakin dövlətimizin və AFFA-nın verdiyi qərara hörmətlə yanaşırıq. Sağamlıq bütün işlərdən və maraqlardan öndə gəlir".
Bunu Sportnet.az-a açıqlamasında "Qəbələ"nin kapitanı Anar Nəzirov Azərbaycan Premyer Liqası və ölkə kubokunda cari mövsümün dayandırılması ilə bağlı qərara münasibət bildirərkən deyib.
35 yaşlı qapıçı hazırkı şəraitdə mövsümün başa çatdırılmasının doğru qərar olduğunu, lakin klub olaraq mövsümün davam etməsinin tərəfdarı olduqlarını sözlərinə əlavə edib: "Çempionat davam etsəydi, layiq olan komanda Avropa Liqasına vəsiqəni təmin edəcəkdi. Tanıdığım hər bir oyunçu çempionatın keçirilməsini istəyirdi. Futbolçunun işi məşq etmək və oynamaqdır".
Qolkiper koronavirusun insan sağlamlığı üçün problem yaratdığını və bütün dünyanın bundan əziyyət çəkdiyini söyləyib. Nəzirov Azərbaycanı avrokuboklarda təmsil edəcək bütün komandalara uğurlaq arzulayıb.
Kapitan "Qəbələ" klubunun növbəti mövsüm üçün hədəflərinin hələ bəlli olmadığını söyləyib: "Yaxın günlərdə hər şeyə aydınlıq gələcək. İnanır və ümid edirik ki, "Qəbələ" üçün hər şey yaxşı olacaq. Klubumuzun futbolumuz üçün çox yaxşı akademiyası var. İş prinsiplərindən biri oyunçu yetişdirmək və onların yolunu açmaqdır. Mənim də komandadakı taleyim bəlli deyil. Bu yaxınlarda klubda futbolçularla danışıqlar olmalıdır".
Qeyd edək ki, Anar Nəzirov "Qəbələ" ilə 2019-cu ilin yanvarında 1,5 illik müqavilə bağlamışdı.