İspaniyanın "Barselona" klubunun prezidenti Jozep Bartomeu İspaniya yığmasının sabiq futbolçusu Xavi Ernandesin komandanın baş məşqçisi olacağına dair iddialara münasibət bildirib.
Sportnet.az yerli TV3-ə istinadən xəbər verir ki, funksioner hazırda baş məşqçi axtarmadıqlarını söyləyib. Bartomeu Xavinin gec-tez "Barselona"nın baş məşqçisi olacağını deyib: "Kike Setyen Çempionlar Liqasında və La Liqada qalan matçlarda yanımızda olacaq. Onunla olan müqavilə şərtlərini yerinə yetirmək niyyətindəyik".
Qeyd edək ki, Xavi Ernandes 1998 - 2015-ci illərdə "Barselona"nın formasını geyinib. İspaniya millisinin sabiq üzvü klubla müxtəlif titulların sahibi olub. O, hazırda Qətərin "Əl Sədd" komandasının baş məşqçisidir və klubu Xavi ilə sözləşməni 2020/21 mövsümünün sonuna qədər uzadıb.