2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” növbəti futbolçunun keçidini reallaşdırıb.
Sportnet.az klubun saytına istinadən xəbər verir ki, 2017/18 mövsümündə də bu komandanın şərəfini qorumuş yarımmüdafiəçi Cavid İmamverdiyevlə 1+1 illik müqavilə imzalanıb. İmamverdiyev "gənclik şəhəri" təmsilçisində “22” nömrəli formada çıxış edəcək.
İmamverdiyev 2017/18 mövsümündə "Sumqayıt"ın bütün oyunlarında iştirak edən yarımmüdafiəçi (28 oyun, 2350 dəq.) 6 dəfə rəqib qapılarına yol tapmağa müvəffəq olub.
Qeyd edək ki, futbolçu “Keşlə”, “Sabah”, “Neftçi”, “Karvan” və “Elazığspor” klublarında da çıxış edib. İmamverdiyev Azərbaycanın U-21 (16 oyun, 3 qol) və əsas millisinin də (11 oyun, 1 qol) formasını geyinib.