2019/2020 mövsümünün sonunda "Qəbələ"dən ayrılmış Fernan Lopesin Polşa "Yagelloniya"sına keçidinə "Qarabağ"ın sabiq futbolçusu Dani Kintana kömək edib.
Sportnet.az xəbər verir ki, bu barədə ispaniyalı yarımmüdafiəçi yeni klubunun rəsmi saytına açıqlamasında deyib.
25 yaşlı oyunçu bildirib ki, həmyerlisinin yardımı olmadan bu transfer gerçəkləşməzdi: "Bu yay Kintana mənim videomu klubun nümayəndələrinə göndərdi. Baş məşqçi də həmin görüntüləri izləyib. Hər şey belə başladı. Sonra məni baxışa çağırdılar, bu gün isə müqavilə bağladım. Daniyə təşkkür edirəm. Onun köməyi olmadan, yəqin ki, buraya gələ bilməzdim".
Qeyd edək ki, Dani Kintana 2015-2019-cu illərdə "Qarabağ"da çıxış edib. O, "köhlən atlar"ın heyətində 146 matçda meydanda olub, 42 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb. 33 yaşlı yarımmüdafiəçi qış fasiləsində Çinin "Çendu Better Siti" klubuna keçib.
Fernan Lopes isə 1 mövsüm oynadığı "Qəbələ"də 3 qol vurub və 5 məhsuldar ötürmə edib. O, "Yagelloniya" ilə 1+1 illik müqavilə imzalayıb.