"Planım ölkə xaricinə qayıtmaq və yenidən ən yüksək səviyyədə oynamaqdır. Hazırda transfer üçün hədəflədiyim ölkələr Türkiyə, İran və Azərbaycandır. Agentim bu ölkələrin bir neçə klubu ilə danışıqları davam etdirir".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri hazırda Yamaykanın "Humble Lions" klubunda çıxış edən "Keşlə"nin sabiq futbolçusu Andre Klennon "Jamaica-star" nəşrinə açıqlamasında deyib.
31 yaşlı hücumçu yenidən ölkə xaricində çıxış etməyə yaxın olduğunu, lakin koronavirus pandemiyası səbəbindən keçidin baş tutmadığını söyləyib: "Hər şeyin yoluna düşməsini gözləyirəm, xaricdə oynamaq həmişə mənim xəyalımdır. Hansı kluba keçsəm, hazır olmaq və formada qalmaq üçün çalışıram".
Qeyd edək ki, Andre Klennon "Keşlə"də 2018/2019 mövsümündə oynayıb. O, 26 oyuna 4 qol vurub.