"ABŞ-də işlərim əla gedir. İnsanlar və komanda yoldaşlarım həqiqətən mehriban və qayğıkeşdirlər. Dil və ünsiyyət artıq mənim üçün problem deyil. Laura və mən özümüzü tamamilə rahat hiss edirik".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Azərbayan millisinin və ABŞ-ın "Finiks Rayzinq" klubunun futbolçusu Rüfət Dadaşov "Bild" nəşrinə açıqlamasında deyib.
29 yaşlı forvard bildirib ki, Milli Futbol Liqasında 2019/2020 mövsümü başa çatdığı üçün Almaniyaya qayıdacaq: "Əvvəlcə tətilə çıxacağıq. Bir ildir görmədiyimiz ailəmizi və yaxınlarımızı ziyarət etmək üçün Berlinə gedəcəyik".
Pandemiya səbəbindən yeni mövsümün nə vaxt başlayacağını bilmədiyini söyləyən Dadaşov hazırlıqlara 2021-ci ilin yanvarında start verəcəklərini vurğulayıb. Hazırkı klubu ilə 2021-ci ilin noyabrınadək müqaviləsi olan forvard sabiq komandası olan Almaniya "Proyssen"indən danışıb: "Komandada nə baş verdiyindən xəbərsizəm. Amma onları yenidən III Bundesliqada görməkdən şad olaram".
Qeyd edək ki, Rüfət Dadaşov ötən mövsümü 11 qol və 4 məhsuldar ötürmə ilə başa vurub. Komandası isə çempionatın qalibi olub.