"Ötən dəfə də demişdim ki, futbolçuları oyuna psixoloji cəhətdən kökəlmək çətin olur. Amma buna maksimum çalışdım və onlar də yerinə yetirməyə maksimum çalışdılar. Bu gün hücumda bir qədər kəsərsiz idik. Daha aqressiv hücumlar etməli idik. Qələbə üçün meydana çıxmışdıq, bunun üçün əlimizdən gələni etdik. Uduza da bilərdik, amma qapıçımızı penaltini dəf etməsi münasibətlə təbrik edirəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nın baş məşqçisi Füzuli Məmmədov səfərdə "Sumqayıt"la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis bildirib ki, hər iki komandanın yüzfaizlik epizodu olmayıb. O, penalti epizodunu görmədiyini bildirib. Məmmədov cəbhədəki olaylara görə psixoloji cəhətdən komandanı oyunlara kökləməkdə çətinlik çəkdiyini vurğulayıb: "Hər birimizin cəbhədə qohumları döyüşür, şəhid olanlar var. Hər gün qələbə xəbərləri gözləyirik, avtobusa minəndə futbolçuların əllərindən telefon düşmür".
Baş məşqçi Emin Mahmudovun "Neftçi"də əsas heyətdə yerini itirdiyi fikri ilə razılaşmayıb: "Emin ötən gün məşqdə yüngül zədələndi, ona görə bu gün meydana çıxmadı".
Mütəxəssis Prins İbaranın ümidləri doğrultmadığını da diqqətə çatdırıb. O, konqolu hücumçu ilə danışacağını və daha fəal olmasını istəyəcəyini əlavə edib.