Azərbaycan yığması UEFA Millətlər Liqasında son oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, C Liqasının 1-ci qrupunda yer alan milli komanda VI tur qarşılaşmasında Lüksemburqun qonağı olub. "Jozi Bartel" stadionunda keçirilmiş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 0:0.
Hər iki komanda meydana itkilərlə çıxıb. Lüksemburq yığmasında Vahid Selimoviç və Dirk Karlson cəzalı olduqları üçün matçı buraxıblar. Azərbaycan millisinin heyətində müdafiəçilər Təmkin Xəlilzadə və Rahil Məmmədov koronavirusa yoluxduqları üçün, Abbas Hüseynov isə zədə səbəbindən oynamayıb. Görüş öncəsi isə meydan sahiblərindən qapıçı Antoni Moris və hücumçu Jerson Rodrigeş, qonaqlardan isə kapitan Maksim Medvedevin COVID-19 testi müsbət nəticə verib. Nəticədə onlar da qarşılaşmada iştirak etməyiblər.
İtkilər fonunda Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi qapıda Şahruddin Məhəmmədəliyevə, müdafiədə Anton Krivotsyuk, Elvin Bədəlov, Bədavi Hüseynov, Amin Seydiyevə, yarımmüdafiədə Azər Salahlı, kapitan Qara Qarayev, İsmayıl İbrahimli, Tellur Mütəllimova, hücumda isə Mahir Emreli və Ramil Şeydayevə şans verib.
İlk yarı meydan sahiblərinin üstünlüyü şəraitində keçib. Bir neçə epizodda Məhəmmədəliyev komandasını qoldan xilas edib. İlk yarının sonlarında Hüseynov zədələnərək, yerini Şəhriyar Əliyevə verib. Əliyev isə fasilə ərəfəsində kobud oynadığı üçün penaltiyə səbəbkar olub. Xoşbəxtlikdən, Məhəmmədəliyev Danel Sinaninin zərbəsini dəf etməyi bacarıb.
İkinci hissədə qonaqlar fəallığını artırıb. Lakin tərəflərin səylərinə baxmayaraq, hesab dəyişməyib - 0:0.
Beləliklə, Azərbaycan millisi ardıcıl dördüncü matçından qolsuz heç-heçə ilə ayrılıb. Daha əvvəl bu komanda Kipr və Monteneqro ilə Millətlər Liqasının oyunlarında, , Sloveniya ilə isə yoldaşlıq görüşündə 0:0 hesablı nəticə ilə kifayətlənib.
De Byazinin baş məşqçi olduğu kollektiv qrupu 6 xalla 3-cü pillədə başa vurub. Monteneqro 13 xalla 1-ci, Lüksemburq 10 xalla 2-ci, Kipr isə 4 xalla sonuncu olub.
----------------------------
Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv VI turda Lüksemburqun qonağı olacaq. "Jozi Bartel" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Hazırda 5 xalla 3-cü sırada yer alan milli qrupdan çıxma şansını itirib. Komanda 4 xalla sonuncu yerdə qərarlaşan Kipr seçməsi ilə C Liqasında qalmaq uğrunda mübarizə aparır. Lüksemburq isə 9 xalla 2-ci pilləni tutur.
Azərbaycan millisinin heyətində müdafiəçilər Təmkin Xəlilzadə və Rahil Məmmədov koronavirusa yoluxduqları üçün, Abbas Hüseynov isə zədə səbəbindən oynamayacaq. Lüksemburqda isə Vahid Selimoviç və Dirk Karlson cəzalı olduqları üçün matçı buraxacaqlar. Zədəli Leandro Barreyronun meydana çıxması isə sual altındadır.
Azərbaycan yığması bu komanda ilə Bakıdakı görüşdə rəqibinə 1:2 hesabı ilə uduzub.
17 noyabr
UEFA Millətlər Liqası
VI tur
23:45. Lüksemburq - Azərbaycan - 0:0
İstifadə olunmamış penalti: Danel Sinani, 45+2 (Lüksemburq)
Baş hakim: Feliks Zvayer (Almaniya)
Lüksemburq. "Jozi Bartel" stadionu
Qeyd edək ki, I qrupun digər oyununda Monteneqro millisi evdə Kiprlə üz-üzə gələcək.