"Qarabağ" komandası Türkiyədən qayıtdıqdan sonra Heydər Əliyev Aeroportunda koronavirus testindən keçib.
Bu barədə Sportnet.az-a klubun baş meneceri Asif Əsgərov məlumat verib.
Ağdam təmsilçisinin rəsmisi bildirib ki, hazırda komandada 2 nəfər aktiv koronavirus xəstəsi var: "Bunlar başməşqçi Qurban Qurbanov və müdafiəçi Abbas Hüseynovdur. Qurbanov bu gün yenidən test verib. Abbas isə Türkiyədə qaldı. Yerli səhiyyə nazirliyinə bilgi verildi. Gəlib futbolçunu qeydiyyata aldılar. Müəyyən müddətdən sonra yenidən analiz götürüləcək".
Əsgərov Azərbaycan Premyer Liqasının XII turunun 3 oyununun təxirə salınmasına da münasibət bildirib. O, "Qarabağ" - "Qəbələ" matçı ilə bağlı yekun qərarın test nəticələrindən sonra qəbul ediləcəyini söyləyib: "Buna biz qərar verə bilmərik. Ümid edək ki, testlərimizin cavabları mənfi çıxacaq. Hər şey analizlərin nəticəsi və Peşəkar Futbol Liqasının buna uyğun verəcəyi qərardan asılı olacaq. Yəni, çempionatı biz keçirmədiyimiz üçün bu barədə söz demək düzgün olmaz".