"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Çempionatda fasilə yaranmışdı. Bilirdik ki, ağır olacaq. İki fərqli hissə izlədik. İlk yarıda rəqib öz imkanlarından istifadə etdi. İkinci hissədə bizim üstünlüyümüz oldu, amma yararlana bilmədik".
Sportnet.az-ın məlumatına görə, bunu "Keşlə"nin məşqçisi Zaur İsmayılov Premyer Liqanın XII turunda evdə "Səbail"ə 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, ikinci hissədə meydana növbəti hücumçunu buraxmasının hesabla bağlı olduğunu bildirib: "Çünki uduzurduq və bizə qollar lazım idi. Üstün olduğumuz matçlarda imkanlarımızdan istifadə edə bilmirik. Əslində oyunumuz normaldır. Nəticəni əvvəldən bilmək olmur. Əlimizdən gələni etdik".
İsmayılov son vaxtlar koronavirusa kütləvi yoluxma hallarına görə çempionatın dayanacağını gözlədiklərini söyləyib: "Qarşıda hələ 1 oyunumuz var. İndidən fasiləni düşünməməliyik. Bu gün məğlub olduq. İşimiz çətinləşib. Gələn tur səfərdə "Neftçi" ilə qarılaşacağıq. Qələbə qazanmaq istəyirik".
Məşqçi Şaxruh Qadoyevin komandadan ayrılmasına da münasibət bildirib: "Yerli futbolçu ilə müqayisədə, legionerdən daha çox şey gözlənilir. Belə məsləhət oldu, müqaviləyə xitam verdik".