
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, XXVIII turun sonuncu matçında çempion komandanın adına aydınlıq gəlib.
Son turadək 57 xalla lider olan "Qarabağ" ondan bir xal az toplayan "Neftçi"nin qonağı olub.
"Dalğa Arena"dakı matç qarşılıqlı hücumlar şəraitində başlayıb. Ağdam təmsilçisi matçın əvvəlində topa nəzarət etməyə çalışıb. Paytaxt klubu isə əsasən rəqibini öz meydanında qəbul edib.
İlk hissənin sonlarına doğru komandalar təhlükəli vəziyyətlər yaratmağa başlayıblar. 36-cı dəqiqədə Patrik Andrade fürsətdən yaratlana bilməyib. 37-ci dəqiqədə Ömər Buludovun yaxın məsafədən iti bucaq altında zərbəsi qapının üstündən keçib.
Hissənin sonunda "Qarabağ"ın futbolçusu Patrik Andrade zədələnib. İkinci hissədə onun yerinə meydana Kvabena Ovusu daxil olub.
İlk yarı qolsuz yekunlaşıb.
İkinci hissə qarşılıqlı hücumlar şəraitində başlayıb. İkinci hissənin ortalarında "Qarabağ"dan Xayme Romero rəqibin cərimə meydançasında yerdə qalib, lakin baş hakim Elçin Məsiyev oyunu davam etdirib. 65-ci dəqiqədə Mahir Emrelinin başla zərbəsi çərçivəyə düşməyib.
Oyunun sonlarına doğru "Neftçi"nin baş məşqçisi Samir Abasov meydana daha 2 hücumçu - Mirabdulla Abbasov və Ahmed Ahmedovu buraxıb. Artıq hamı oyunun qolsuz yekunlaşacağını düşündüyü vaxt 90-cı dəqiqədə Ahmedov qələbə topuna imza atıb.
Uzatma dəqiqələrində meydanda mübahisəli vəziyyət yaranıb. "Qarabağ"ın futbolçuları yerdə olan Voislav Stankoviçin əllə oynadığını iddia ediblər. Lakin baş hakim Elçin Məsiyev "davam" qərarı verib.
Beləliklə, 1:0 hesablı qələbə sayəsində xalını 59-a çatdıran "Neftçi" "Qarabağ"ın ardıcıl 7 mövsümlük çempionluğuna son qoyub və qızıl medallara yiyələnib. Bu, flaqmanın 9-cu çempionluğu olub.
"Neftçi" UEFA Çempionlar Liqasında iştirakı təmin edib. "Qarabağ" isə 2021/2022 mövsümündə Konfrans Liqasına qatılacaq.
---------------------------------
Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün sonuncu - XXVIII turunun 3 oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, bununla da avrokuboklara 3-cü vəsiqə və bürünc medalın sahibi müəyyənləşib.
Səfərdə "Səbail"i minimal hesabla məğlub edən "Sumqayıt" xallarını 39-a çatdıraraq, mövsümü 3-cü pillədə bitirib. Qonaqlara qələbə qazandıran yeganə qola 43-cü dəqiqədə Murad Xaçayev imza atıb. 90+3-cü dəqiqədə "dənizçilər"in müdafiəçisi Adil Nağıyev qırmızı vərəqə görərək, komandasını azlıqda qoyub. "Gənclik şəhəri" təmsilçisi 2021/2022 mövsümündə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək. Komanda tarixi ərzində ilk dəfə medal qazanıb.
"Zirə" isə səfərdə "Sabah"a 1:2 hesabı ilə uduzub. Matçda ilk qolu 21-ci dəqiqədə meydan sahiblərinin heyətində Ramil Şeydayev vurub. "Qartallar" 72-ci dəqiqədə hesabı bərabərləşdiriblər. Penaltidən fərqlənən Qismət Alıyev tarazlığı bərpa edib. Lakin 89-cu dəqiqədə Masazır təmsilçisi 2-ci topu rəqibin qapısından keçirib. Bu dəfə Xulio Sezar Rodriges keçmiş komandasını cəzalandırıb. Bu nəticə ilə 38 xalda qalan "Zirə" 4-cü olub. "Sabah" isə 29 xalla 5-ci pillədəki mövqeyini qoruyub.
Son tur autsayderin də adına aydınlıq gətirib. Evdə "Qəbələ"yə 3:1 hesabı ilə qalib gələn "Keşlə" sonuncu pillədən xilas olub. "Keşlə"nin heyətində 15-ci dəqiqədə Şəhriyar Əliyev, 1 dəqiqə sonra isə Silvio Rodriges fərqlənib. 26-cı dəqiqədə qonaqlardan Ceyms Adeniyi fərqi azaltsa da, "qırmızı-qaralar"ın bundan artığına gücü çatmayıb. 90+6-cı dəqiqədə Vüsal İsgəndərlinin qolu yekun hesabı müəyyənləşdirib. Bu qələbədən sonra xallarını 26-ya çatdıran paytaxt təmsilçisi 6-cı pilləyə qalxıb. Eyni xala malik "Qəbələ" 7-ci olub. 24 xalı olan "Səbail" isə mövsümü son sırada başa vurub.
Qeyd edək ki, Premyer Liqada cari mövsümə saat 20:30-da başlayacaq "Neftçi" - "Qarabağ" matçı ilə yekun vurulacaq. "Dalğa Arena"dakı görüş çempionun adına aydınlıq gətirəcək.
----------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünə yekun vurulacaq. Sportnet.az-ın məlumatına görə, sonuncu - XXVIII turun ardından çempion və digər mükafatçılar bəlli olacaq.
Günün ilk 3 matçı eyni saatda start götürəcək. Mövsümə çempionluğun taleyinə aydınlıq gələcəyi "Neftçi" - "Qarabağ" görüşü ilə yekun vurulacaq.
Bürünc medala iddialı "Sumqayıt" "Səbail"in qonağı olacaq. "Gənclik şəhəri" təmsilçisi 36 xalla 4-cü pillədə qərarlaşıb. Ayxan Abbasovun baş məşqçi olduğu komanda 3-cü yerdəki "Zirə"dən iki xal geridədir. "Səbail" isə 24 xalla 7-cidir.
Komandalar indiyədək Premyer Liqada 13 dəfə üz-üzə gəliblər. Bunların 6-da qonaqlar, 5-də paytaxt klubu qələbə qazanıb. Topların fərqində də "Sumqayıt" üstündür - 14:12. Rəqiblər arasında son 6 matçda ən azı 2 qol vurulub. "Gənclik şəhəri" təmsilçisi son 4 oyunda meydanı qolsuz tərk etməyib.
Bürünc mükafatın digər iddialısı "Zirə" səfərdə "Sabah"la qarşılaşacaq. Rəşad Sadıqovun baş məşqçi olduğu komanda hazırda 38 xalla üçüncü sıradadır. "Sabah" isə 26 xalla 5-cidir.
Çempionatda əvvəlki 10 oyunun 3-də "Zirə", 4-də isə "Sabah" 3 xal qazanıb. Topların fərqində "Sabah" minimal üstünlüyə malikdir - 13:12. “Zirə” son 7 matçda rəqibinə yalnız 1 dəfə uduzub. “Sabah” son üç ev qarşılaşmasında qalib gələ bilməyib.
"Zirə" avrokuboklara vısiqə verən 3-cü pillədəki yerini qorumaqdan ötrü qalib gəlməlidir. "Qartallar" xal itirəcəkləri təqdirdə, "Sumqayıt"a bürünc medal qazanmaqdan ötrü yalnız qələbə kömək edə bilər.
Digər matçda Premyer Liqanın autsayderi "Keşlə" "Qəbələ"ni qəbul edəcək. Əyalət təmsilçisi 26 xalla 6-cı, paytaxt klubu ilə 23 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Bu oyun sonuncu pillənin sahibinin adına aydınlıq gətirmək baxımından önəmlidir.
Əvvəlki 50 qarşılaşmanın 18-də "Keşlə", 14-də isə "Qəbələ" qələbə qazanıb. Topların fərqində də meydan sahibləri aşkar üstündür - 65:50. “Keşlə”nin meydanındakı son 6 matçda hər iki komanda qol vurub. “Qəbələ” son 6 qarşılaşmada yalnız bir dəfə qalib gəlib.
Nəhayət, günün əsas oyununda "Neftçi" "Qarabağ"la üz-üzə gələcək. Paytaxt təmsilçisi son tura qədər 56, Ağdam klubu isə 57 xal toplaya bilib. Flaqman çempionluq üçün mütləq qələbə qazanmalıdırsa, "köhlən atlar"a heç-heçə də sərf edir.
Əzəli rəqiblər indiyədək ölkə çempionatlarında 82 dəfə üz-üzə gəlib. Bunların 30-da "Qarabağ", 22-də isə "Neftçi" 3 xal qazanıb. Topların fərqində də əyalət təmsilçisisinin üslünlüyü var - 92:75. Qurban Qurbanovun baş məşqçi olduğu komanda son 3 oyunda rəqibinə qol vurub. “Neftçi” isə son 3 səfərdə uduzmayıb.
Azərbaycan Premyer Liqası, XXVIII tur
19 may (çərşənbə)
18:00. “Səbail” – “Sumqayıt” - 0:1
Qol: Murad Xaçayev, 43
Qırmızı vərəqə: Adil Nağıyev, 90+3 ("Səbail")
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASCO Arena”
18:00. “Sabah” –“ Zirə” - 2:1
Qollar: Ramil Şeydayev, 21, Xulio Sezar Rodriges, 89 - Qismət Alıyev, 72 (penalti)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Asif Əliyev
“Bank Respublika Arena”
18:00. “Keşlə” – “Qəbələ” - 3:1
Qollar: Şəhriyar Əliyev, 15, Silvio Rodriges, 16, Vüsal İsgəndərli, 90+6 - Ceyms Adeniyi, 26
Qırmızı vərəqə: Sezar Meza Kolli, 75 ("Keşlə")
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Fərid Hacıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASK Arena”
20:30. “Neftçi” – “Qarabağ” - 1:0
Qol: Əhməd Əhmədov, 90
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu (ehtiyat laynsman: Müslüm Əliyev)
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Dalğa Arena”.