"Çempionluğu son turda əldən vermək pis hiss deyil. Biz idmançıyıq. "Qarabağ" böyük camiədir və ölkə futbolu üçün böyük işlər görmüşük".
Bunu Sportnet.az-a açıqlamasında "Qarabağ"ın futbolçusu Qara Qarayev "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra deyib.
Təcrübəli yarımmüdafiəçi məğlubiyyəti normal qəbul edən kollektiv olduqlarını bildirib: "Məğlubiyyətdən də dərs çıxardırıq. Futbolda uduzmaq da var. Artıq 7 ildir ard-arda çempion olmuşuq. Hər il biz çempion olacağıq deyə bir şey yoxdur. Üzüntümüz odur ki, azarkeşlərimiz sevindirə bilmədik. Amma futbolda bəzən belə hallar yaşanır. Komandamla və komanda yoldaşlarımla fəxr edirəm. Sonucu oyunda da daha üstün və layiqli olan biz idik. Şans və medal onlarda olsun, biz daha yaxşıyıq".
Qarayev "Neftçi"ni çempionluq üçün təbrik etdiyini sözlərinə əlavə edib: "Biz Azərbaycanda məğlubiyyəti ən normal şəkildə həzm edən komandayıq. Çünki udanda və uduzanda da rəqibə hörmətlə yanaşmışıq. Heç bir komanda deyə bilməz ki, biz qalib gəlib, rəqibə hörmətsizlik etmişik. "Neftçi"ni təbrik edirəm, çempionluğa layiqdirlər".