Tbilisi meri Kaxa Kaladze “Neftçi” və Gürcüstan “Dinamo”su arasında iyulun 14-də “Bakcell Arena”da keçiriləcək Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşünü izləyəcək.
Sportnet.az "Report"un Gürcüstan bürosuna istinadən xəbər verir ki, bu, ötənlərin məşhur futbolçusunun Bakıya rəsmi səfəri çərçivəsində gerçəkləşəcək. Fəxri tribunada ötənlərin məşhur futbolçusu ilə birlikdə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da yer alacaq.
Qeyd edək ki, Kaxa Kaladze 1993 - 1997-ci illərdə "Dinamo" (Tbilisi) komandasının formasını geyinib. O, 5 il ərzində 82 oyunda meydana müdafiəçi qismində çıxıb. Bu dövrdə paytaxt komandası beş dəfə Gürcüstan çempionu olub. Daha sonra Kaladze Ukraynanın "Dinamo" (Kiyev), İtaliyanın "Milan" və "Cenoa" klublarında çıxış edib.