1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Namik Ələskərovun çıxışı barədə
Vüqar MƏMMƏDOV
Namik Ələskərovun “Bursaspor”un formasında meydana çıxdığı hər üç oyunu izləmişəm. Bu baxımdan onun Türkiyədəki çıxışına müəyyən münasibət bildirə bilərəm. Təbii ki, bu münasibət subyektiv olacaq.
Uzun çəkməyən qalmaqaldan sonra ilk oyuna çıxdığı “Eyüpspor”a qarşı görüş barədə yazacaq çox şey yoxdu. Bu görüşdə Ələskərov yarımmüdafiənin sağında oynadı. İlk matçı olduğunu və müəyyən qalmaqaldan sonra meydana çıxdığını nəzərə alsaq oyunu barədə “pis deyildi” söyləmək olar. Həmin görüş ərzində ən yaddaqalan işi dirəyi yalayıb keçən bir zərbəsi oldu. 69-cu dəqiqəqədə isə əvəzləndi.
"SAMSUNSPOR"LA OYUN
Namikin “Bursaspor”un formasında ikinci oyunu milli komandanın toplanışından sonra baş tutdu. Bu oyun Super liqaya çıxmağa iddialı “Samsunspor”a qarşı oldu. Namik bu görüşdə oyuna ikinci hissənin ortalarında meydana girdi. Həmin vaxt komandası hesabda öndə olsa da qırmızı vərəqə səbəbindən azlıqda idi. Ələskərov meydana çıxdıqdan sonra iki qol ötürməsi verdi. Əgər biz statistikaya baxsaq bir kəlmə oxuyarıq, “asist Namik Ələskərov”. Bununla elə təsəvvür yaranar ki, Namik rəqibin cərimə meydanı həndəvərində dayanıb, ona öürmə gəlib, o da alıb verib, komanda yoldaşı da qol vurub. Xeyr, belə deyil. Yəqin ki, “Bursaspor”un teleçəkilişlə olan üçüncü qolunu görən olub. Orada görünən Namikın mərkəz xəttə yaxın ərazidə driblinq edib pas atmasıdır. Bu video da həmin qolda Namikin gördüyü işin tamını göstərmir. Çünki həmin görüntü əvvəldən deyil. Mən epizodun əvvəlini, millimizin oyunçusunun topu harda qəbul etdiyinin görüntüsünü axtardım və tapa bildim. Həvəskar çəkiliş olan həmin videoda bu qolun yaranmasında Namikin müstəsna xidməti olduğu görünür. Linkini şərhə qoyuram, qolun yaranmasının başlama vaxtı 2:37-dir. Biz həmin andan görürük ki, rəqib komandanın oyunçusunun öz yoldaşına etdiyi ötürməni Namik yarı yolda, ünvanına çatmamış “oğurlaya bilir”. Həmin anda o meydanın “Bursaspor”a aid yarısında, aut xəttinin kənarında idi. Ələskərov topa sahib olan kimi sol cinahla irəliləyib sonra mərkəzə tərəf meyllənərək yolüstü ötürməni “oğurladığı” rəqibini də keçərək təxminən 50 metr reyddən sonra komanda yoldaşını ideal pasla qapıçı ilə təkbətək çıxarır. Namikin oynadığı mövqedə sıradan bir oyunçu olsa idi həmin epizodda biz qeyri-adi bir şey görə bilməyəcəkdik. Məhz futbolçular bu kimi özəlliklərinə görə baha qiymətə alınır, satılır.
“Bursaspor”un dördüncü qolunda da sürətli hücum zamanı Namik yenə solda ideal şəkildə açılır, sağ tərəfdən komanda yoldaşının göndərdiyi çarpaz ötürməyə çataraq sürəti hesabına qapıçı ilə təkbətək qalır və onu da keçir. Ancaq mövqeyi ideal olmadığı üçün geri ötürmə verir, komanda yoldaşı da ötürməni dəyərləndirir. Düşünürəm ki, bununla da Namik Ələskərov özünü klubda təsdiqləmiş oldu.
Təsadüfi deyil ki, sonrakı, “Tuzlaspor”la oyunda baş məşqçi Fatih Təkkə onu start heyətində meydana buraxdı. Bu dəfə də, “Samsunspor”la oyunda olduğu kimi yenə də yarımmüdafiənin solunda. Namik milli komandada keçirdiyi son matçlarının da əksər vaxtını solda oynamışdı.
* * *
Məşqçi niyə bunu belə edir? Yəni sağ ayağı güclü oyunçu solda oynadır? Çünki, solda oynadıqda sağ ayaq qapını “görür”. Başqa sözlə sol cinahdan mərkəzə doğru reyd edib cərimə meydançasının qarşısından sağ ayaqla qüvvətli zərbələr vurmaq olur. Düzdür, “sağ ayaqlı” sağda oynadıqda da qapıya zərbələr vura bilir, amma bu iti bucaq altında olur və realizasiya faizi o qədər yüksək olmur. Sağ ayağı işlək futbolçu sağ cinahda oynayanda bu daha çox “prostrellər”, yaxud asmalar üçün əlverişlidir. Ancaq sağda oynayanda “sağ ayaqlı” cərimə meydançasının önünə doğru reyd edəndə zərbə vura bilmir, çünki burda sağ ayağın çölü qapını görür ki, belədə də güclü zərbə vurmaq olmur. Təbii ki, istisnalar var. Məsələn Kuarejma, amma istisnalar hər şey demək deyil. Sağdan cərimə meydançasının önünə reyd edib qapıya zərbə vurmaq üçün solaxay olmaq vacib şərtdir.
Belə deyək, sağ ayağlı oyunçu sağ cinahda oynayırsa bu qapı qarşısına “prostrel”, yaxud asma üçün əhəmiyyətlidir. Həmin oyunçu solda oynadıqda isə yan xətdən mərkəzə doğru irəliləyib sağ ayaqla zərbə vurmaq üçün əlverişlidir. Eləcə də solaxay oyunçu – sol cinahda olduqda qapı ağzına ötürmə, sağda olduqda mərkəzə gəlib qapıya zərbə vurmaq üçün.
Namikin sağ ayağı daha qüvvətli və dəqqdir. Bu vəziyyətdə oyunçunu harda oynatmaq seçimi baş məşqçinin əlində olur. O, bütün ehtimalları nəzərdən keçirir və düzgün bildiyi, düzgün hesab etdiyi qərarı verir. Yəni cinahdan irəliləyən oyunçu sağda əhəmiyyətlidir, yoxsa solda. Başqa sözlə onun “prostrel”i daha əhəmiyyətlidir, yoxsa zərbəsi. Canni De Byazinin düşüncəsinə görə Namik solda daha əhəmiyyətlidir. Samir Abbasovun düşüncəsinə görə isə sağda.
O cümlədən Fatih Təkkə də düşünüb ki, Namik solda daha çox faydalıdır. “Samsunspor”la oyunda və, “Tuzlaspor”la oyunun əksər vaxtı üçün də belə qərar verdi, yəni solda oynatdı.
"TUZLASPOR"LA OYUN
Fatih Təkkənin komandadan ayrılması ilə nəticələnən son “Tuzlaspor” oyununda Ələskərova ötürmə az gəlirdi. Bunun səbəblərini müxtəlif cür yozmaq olar. Səbəblərdən biri məşqçinin taktiki gedişi ola bilər. Yəni futbolçularına həmlələri daha çox mərkəzdən və sağ qanatdan qurmağı tapşırar.
İkinci səbəb bu ola bilər ki, komandada müəyyən qruplaşma olsun və Namikə ötürmə bilərəkdən az verilsin. Məsələn, oyun zamanı “Bursaspor”un kapitanı iki cərimə zərbəsi və bir küncdən zərbədə Namikin topuna girdi. Halbuku o libero idi. Liberoların adətən topla rəftarları o qədər də texnikalı olmur. Bu səbəbdən, onlar cərimə zərbəsini vurmaq üçün deyil, ucaboylu olduqlarına görə, duran toplardan hava ilə verilən pasları başla qapıya yönəltmək üçün rəqibin cərimə meydançasına girirlər.
Ələskərova pas az gəlməsinin başqa bir səbəbi rəqib “Tuzlaspor”un, “Bursaspor”u analiz etməsi də ola bilər. Bu analizin bir parçası Namikin iki məhsuldar ötürmə etdiyi “Samsunspor”la oyundu. İstisna deyil ki, “Tuzlaspor”un məşqçilər heyəti bir tur öncə baş tutan oyunu izləyib və diqqətlə analiz edib. Bu analiz zamanı onlar “Samsunspor”la oyunda bütün parlaqlığı ilə diqqət çəkən və iki qol yaradan Namiki qətiyyən nəzərdən qaçırıra bilməzdilər. Həmin oyuna baxan istənilən orta səviyyəli mütəxəssis başa düşərdi ki, Ələskərov necə təhlükəli bir oyunçudur. Belə bir nəticəyə gələrdilər ki, onu qətiyyən boş buraxmaq olmaz. Boş qalsa heç nədən qol təhlükəsi yaradacaq. Bunları nəzərə alaraq ehtimal etmək olar ki, “Tuzlaspor”un baş məşqçisi oyunçularına Namikə yaxın oynamaq tapşırığı verib.
Diqqət edirdim, həmin oyunda Ələskərova tərəf top istiqamətlənəndə dərhal iki oyunçu başının üstünü alırdı. O da belə vəziyyətdə hər hansı yaradıcılığını göstərə bilməyib, geriyə pas atmağa məcbur olurdu. Bu cür, rəqibin nəzarətində olmasına baxmayaraq Namik hər halda bu oyunda da diqqəti yaxşı mənada öz üzərinə çəkə bildi, komandasına penalti qazandırmaqla. Amma komanda yoldaşı penaltini qola çevirə bilmədi. Bəlkə də 11 metrlik nöqtəyə yaxınlaşan hücumçu şüurlu və ya şüuraltı şəkildə Namikin növbəti dəfə diqqət mərkəzinə düşməsini, qələbəyə səbəbkar kimi adının hallanmasını istəməyərək qol vurmadı. Təbii ki, bu bir ehtimaldır, yaxud fərziyyədir. Hər halda ya zəlzələdən ya vəlvələdən, penalti qol olmadı.
Görüşün 60-cı dəqiqədə Namik əvvəllər daha çox oynadığı sağ cinaha keçdi. Həmin dəqiqəyədək sağda oynayan oyunçu isə sola keçdi və az sonra əvəzləndi. Həmyerlimiz isə sonacan oynadı.
Namik Ələskərov “Neftçi”də aparıcı oyunçulardan idi. Hətta liderlərdən biri də demək olar. Komanda əksər hücumlarını onun oynadığı sağ cinahdan qururdu.
Ancaq “Bursaspor”da belə deyil. “Tuzlaspor”la görüşdə sağa keçdikdən sonra Namikə “Neftçi”də oynayanda gəldiyi qədər pas gəlsə idi yəqin ki, o, ya qol vurar, ya da qol pası verərdi. Buna baxmayaraq, gələn azsaylı ötürmələrlə də nələri isə etməyə çalışırdı.
* * *
Bu üç oyuna əsasən gəldiyim nəticə belədir ki, Namik Ələskərov bu komandanın ən yaxşı oyunçularından biridir. Ancaq onun necə çıxış etməsi tək özündən asılı deyil. Futbol bir komanda oyunudur. Komandanın içində yaxşı çıxış etmək üçün komandadaxili atmosfer, futbolçuların bir-birinə xoş münasibətinin olması vacib şərtdir. Bu, uğur üçün “olmazsa olmaz”lardan biridir. Belə atmosferi yaratmaq isə baş məşqçidən və baş məşqçiyə komanda rəhbərliyinin dəstəyindən asılıdır.
Görək nə olur.