Elşən MƏMMƏDOV
Son zamanlar müəyyən səbəblərdən Azərbaycan Premyer Liqasının oyunlarını stadionlardan çox da izləyə bilmirəm. Bununla belə, getdiyim azsaylı matçlar da müəyyən müşahidələr aparmaq və özlüyümdə hansısa qənaətlər hasil etmək imkanı verir.
Qəbələ şəhər stadionu
Bu mövsüm stadiondan izlədiyim ilk oyun avqustun 21-də II turun "Qəbələ" - "Keşlə" görüşü oldu. Bəzi həmklarlarımızdan betər, öyünmək kimi çıxmasın, Qəbələ şəhər stadionundakı qarşılaşmaya canlı tamaşa edən yeganə jurnalist mən idim. Arenadakı media üçün iş otağında çay, şirniyyat, iş stolu var idi. Amma təəssüf ki, media tribunası olmadığından, oyunları yalnız balkondan izləmək mümkün olurdu. Bu isə hansısa təhlükəli epizod və ya qol qeydə alındıqdan sonra onu iş kompüterində qeydə almaqda çətinlik yaradırdı. Çünki kompüter otaqda, sən isə balkondasan. Nə otaqda oyunu izləmək üçün televizor, nə də balkonda iş stolu var ki, həmin anı dərhal qeydə alasan.
"Azersun Arena"
Təxminən buna bənzər halı "Azersun Arena"da görmək mümkündür. Düzdür, orada medianın iş otağından əlavə, media tribunası da mövcuddur. Amma həmin tribunada iş stolu olmadığından, jurnalistlərin fəaliyyəti üçün çətinliklər müşahidə olunur. Orada da jurnalistlər kompüteri iş otağında qoyur, oyunu çölə çıxaraq tribunada izləyir, təhlükəli epizod və ya qol olduqda isə içəri qaçaraq, onu qeydə alırlar. Yəni, Qəbələdə olduğu kimi, nə iş otağında televizor var, nə də jurnalist tribunasında iş stolu.
"Kapital Bank Arena"
"Sumqayıt"ın ev oyunlarını keçirdiyi stadionda vaxtilə jurnalistlər üçün ümumiyyətlə iş imkanı yox idi. Sonradan müəyyən tənqidi yazılardan sonra iş stolları ərsəyə gəririldi. Bununla belə, ətrafı azarkeşlər bürüdüyündən və epizodlara emosional formada reaksiyalar verdiklərindən, media nümayəndələrinin iş prosesinə maneçiliklər yaranır. Üstəlik, media üçün ayrılan bir cərgəlik stolda bir çox hallarda kənar şəxslər də əyləşir ki, onları mətbuat katibi Rəşad Məmmədovun xəbərdarlığından sonra yerlərindən qaldırmaq mümkün olur.
"Bank Respublika Arena"
"Sabah"ın ev oyunlarını keçirdiyi stadiondakı oyunlara elə də çox jurnalist gəlmir. Baxmayaraq ki, klub Masazırdakı qarşılaşmalara getmək üçün nəqliyyat vasitəsi ayrıldığını elan edirdi. Üstəlik, önünə çıxan az qala hər bir media nümayəndəsinə reklam paylamasına rəğmən, klubun ev oyunlarında həmin KİV-lərin iştirakına tələbkarlığı sıfır səviyyəsindədir. Qarşılaşmaları izləyən media nümayəndələri internet problemi ilə də üzləşirlər. Bu da ətrafdakı internetin sürəti ilə əlaqədar olur. Fasilə zamanı media otağında çay-şirniyyat stolu açmağa olan qadağanı nəzərə alan klubun mətbuat xidməti jurnalistləri elə tribunadaca "tefal", atma çay və şirniyyatla təmin edir.
Bu arenada bir məqam da diqqətimi çəkdi: Oyunlar axşam saatlarına təsadüf etdikdə media tribunasında işıqlandırma olmur. Bu isə kompüterlə işləmək imkanlarını çətinləşdirir.
"Bakcell Arena"
"Neftçi"nin rəqiblərini qəbul etdiyi stadionda jurnalistlərin fəaliyyəti üçün demək olar ki, normal şərait mövcuddur. Burada iş stolu da var, fasilə vaxtı çay-şirniyyat otağı da. Sadəcə, stadion elə tikilib ki, məhz media tribunasından meydanı tam görmək mümkün deyil. Xüsusən, yaxın yan xətlərdə baş verənləri müşahidə etmək olmur. Bu da topun meydanı tərk edib-etmədiyini və ya hansısa qayda pozuntusunu görməkdə jurnalistlərə çətinliklər yaradır. Lakin necə deyərlər, bu problem anadangəlmədir. Ən münasib həll yolu media tribunasını bir mərtəbə aşağı düşürməkdir.
"ASCO Arena"
"Səbail" son mövsümlər Azərbaycan Premyer Liqasında uğursuz çıxış etsə də, ev oyunlarını keçirdiyi stadionda demək olar ki, hər şey qaydasındadır. Yalnız hərdən internetlə bağlı şikayətlərə rast gəlinir. Nisbətən ciddi çatışmazlıq kimi media tribunası ilə mətbuat konfransı - miks zona binası arasındakı məsafənin uzaqlığını qeyd etmək olar.
"ASK Arena"
"Keşlə"nin ev oyunlarını keçirdiyi stadionda media üçün tribuna və mətbuat konfransı otaqları normaldır.
Zirə İdman Kompleksinin stadionuə
Zirədə bir dəfə olsam da, eyniadlı komandanın rəqiblərini qəbul etdiyi arenada, açığı, indiyədək ümumiyyətlə olmamışam. Amma klub paytaxtdan xeyli uzaqda yerləşən Oyunlara getmək üçün maşın təşkil edir. Hərdən həmkarlarımız stadionda internetlə bağlı problemlərin yarandığını da deyirlər. Qalan hər şey qaydasındadır.
PFL-ə müraciət
Ötən mövsüm oyunların pandemiya və hərbi vəziyyət şəraitində baş tutması üçün müəyyən əhəmiyyətli addımlar atıldı. Komandaların meydana ayrı-ayrılıqda çıxmaları, bir-biriləri ilə görüşməmələri, ehtiyat oyunçular skamyasında sosial məsafənin gözlənilməsi, lazım gələrsə, ehtiyatda olan futbolçuların tribunada oturması kimi halları müşahidə etdik. Pandemiya ilə əlaqədar tədbirlər mediadan da yan keçmədi. Ən ciddi addım isə media otağında çay-şirniyyat stoluna qoyulan qadağa idi.
Amma indi vəziyyət fərqlidir. Stadionlarda tribunaların 50 faizinədək azarkeşlərin buraxılmasına icazə verilir. "Sumqayıt"ın "Qəbələ" ilə keçirdiyi son ev oyununda xeyli azarkeş stadion hüdudlarından kənarda qalmışdı və polislər onları içəri buraxmırdı. Bu da "Kapital Bank Arena"nın tamaşaçı tutumunun yarısının dolması ilə əlaqədar idi. Amma və lakin... Artıq stadionlarda müəyyən açılımlara getməyin vaxtı çatıb.
Elə az əvvəl Millətlər Liqasında Belçika və Fransa yığmaları arasındakı ilk yarımfinal oyunundan əvvəl komandaların meydana birgə çıxdıqlarını müşahidə etdik. Bu komandaların bir çox oyunçuları eyni klublarda çıxış etdiklərindən və ya bir-birilərini daha öncədən tanıdıqlarından, çox səmimi görüşür, söhbətləşirdilər. Heç kim də onlara "karantin qaydalarını pozmayın" xəbərdarlığı etmirdi.
Eyni məntiqlə nəinki futbolçuları, jurnalistləri də düşünmək lazımdır. Artıq həftəsonu ictimai nəqliyyat qadağası götürülüb, media nümayəndələri istəsələr, oyunlara avtobusla gedib-gələ bilərlər. Amma soyuq havalarda fasilə vaxtı onların media otağına düşüb isti çay və şirniyyat stoluna qonaq olmaları üçün heç bir maneə yaradılmamalıdır. Son zamanlar oyunlara gedən jurnalist sayında kəskin azalmanın bir səbəbi də budur.
Ona görə də PFL-in media nümayəndələri üçün qadağanı götürməyə, klubların isə jurnalistlərin iş şəraitini daha da normallaşdırması çox təqdirəlayiq olardı.