Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Azərsun Arena"da "Qarabağ" "Sabah" komandasını qəbul edib.
FIFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:1.
Hesabı 16-cı dəqiqədə"Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir açıb. 27-ci dəqiqədə Bəxtiyar Həsənalızadə bərabərlik qolunu vursa da, 35-ci dəqiqədə Filip Ozobiç Ağdam komandasını yenidən önə çıxarıb.
Fasilədən sonra "Qarabağ" daha 3 qol vurub. 51-ci dəqiqədə Abdullah Zubir dubl edib. 77-ci və 90-cı dəqiqələrdə isə İbrahima Vadji uzun müddətdən sonra fərqlənərək, matçda son nöqtəni qoyub.
Bu qələbədən sonra xalını 30-a çatdıran "Qarabağ" liderliyini davam etdirib və vaxtından əvvəl qış çempionu olub. "Sabah" isə 5 oyundan sonra və yeni baş məşqçisi Murad Musayevin rəhbərliyi altında ilk məğlubiyyətlə üzləşərək, 14 xalla 5-ci pillədə qalıb.
Qeyd edək ki, turun açılış oyununda "Keşlə" evdə "Səbail" üzərində qələbəni əldən verib - 2:2. Tura dekabrın 5-də keçiriləcək "Neftçi" - "Sumqayıt" və "Zirə" - "Qəbələ" oyunları ilə yekun vurulacaq.
-------------
Azərbaycan Premyer Liqasında XIII tura start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış matçında "Keşlə" klubu "Səbail"i qəbul edib. "ASK Arena"dakı qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Start fitindən öncə "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları zamanı helikopter qəzasında dünyasını dəyişmiş hərbçilərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Matçın əvvəli "Keşlə" üçün yaxşı alınmayıb. 14-cü dəqiqədə paytaxt klubunun kapitanı İlkin Qırtımov zədələnərək meydanı tərk edib. Onu digər cinah müdafiəçisi Tural Axundov əvəzləyib.
Oyunda hesab ilk hissənin əsas vaxtına əlavə olunmuş 7-ci dəqiqədə açılıb. "Keşlə"nin heyətində Felipe Santos penaltidən fərqlənməklə komandasını önə keçirib. Sənan Qurbanovun baş məşqçi olduğu kollektiv ikinci yarıya da qolla başlayıb. 46-cı dəqiqədə Anatol Abanq adını tabloya yazdırıb. Lakin kamerunlu hücumçu 61-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Say üstünlüyündən istifadə edən qonaqlar cəmi 5 dəqiqə sonra Rahid Əmirquliyevin qolu ilə fərqi azaldıblar. Oyunda son nöqtəni isə əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə Camal Araqo qoyub.
Bu nəticədən sonra sonra xallarını 11-ə çatdıran "Keşlə" 7-ci pillədə qalıb. "Sumqayıt" isə 10 xalla sonuncu - 8-cidir.
Günün ikinci oyununda "Qarabağ" "Azersun Arena"da "Sabah"la qarşılaşacaq.
Qeyd edək ki, tura sabah keçiriləcək "Neftçi" - "Sumqayıt" və "Zirə" - "Qəbələ" matçları ilə yekun vurulacaq.
--------------------------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək. Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçında autsayderlər münasibətlərinə aydınlıq gətirəcək. 10 xalla 7-ci pillədə qərarlaşan "Keşlə" özündən 1 xal az toplayan və sonuncu sırada yer alan "Səbail"i qəbul edəcək. Saat 16:00-da başlayacaq görüşün baş hakimi FIFA referisi Rauf Cabbarov olacaq.
Komandalar indiyədək ölkə çempionatında 16 dəfə üz-üzə gəliblər. Bunların beşində "Keşlə", yeddisində "Səbail" qələbə qazanıb. 4 qarşılaşma heç-heçə başa çatıb. Topların nisbəti də "dənizçilər"in xeyrinədir - 18:15. “Keşlə” ardıcıl 2 qələbə qazanıb. “Səbail” isə üç oyundur qalib gəlmir.
Günün son oyunu "Qarabağ" və "Sabah" komandaları arasında olacaq. Hazırda Ağdam klubu 27 xalla turnir cədvəlinə başçılıq edir. 14 xalı olan paytaxt təmsilçisi isə beşincidir. Əliyar Ağayevin idarə edəcəyi görüş saat 18:15-də başlayacaq.
Bunadək Premyer Liqada 12 dəfə qarşılaşmış komandaların duelində "Qarabağ" 9 dəfə rəqibini məğlub edib. "Sabah" isə "köhlən atlar"a qalib gələ bilməyib. 3 görüşdə bərabərlik qeydə alınıb. Bölgə klubunun 22 qoluna bakılılar 4 topla cavab veriblər. “Sabah” son 5 matçda xal qazanmayıb.
Azərbaycan Premyer Liqası
XIII tur
4 dekabr (şənbə)
16:00. “Keşlə” – “Səbail” - 2:2
Qollar: Felipe Santos, 45+7 (pen.). Anatol Abanq, 46 - Rahid Əmirquliyev, 66. Camal Araqo, 90+5
Qırmızı vərəqə: Anatol Abanq, 61 ("Keşlə")
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Fərid Hacıyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASK Arena".
18:15. “Qarabağ” – “Sabah” - 5:1
Qollar: Abdullah Zubir, 16; 51. Filip Ozobiç, 35. İbrahima Vadji, 77; 90 - Bəxtiyar Həsənalızadə, 27
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Azersun Arena”.
Qeyd edək ki, tura dekabrın 5-də keçiriləcək "Neftçi" - "Sumqayıt" və "Zirə" - "Qəbələ" oyunları ilə yekun vurulacaq.