"Qurban Qurbanovun və “Qarabağ”ın futbolçularının bu addımı sözün əsil mənasında təqdirəlayiqdir".
Sportnet.az-ın məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov affa.az-a açıqlamasında UEFA Konfrans Liqasının "Qarabağ" və Fransa "Marsel"i arasındakı pley-off mərhələsinin cavab görüşündə qolun sayılmadığı epizoda münasibət bildirərkən deyib.
Birinci hissədə qeydə alınmış maraqlı və özündə fair play nümunəsi ehtiva edən epizodla bağlı fikirlərini bölüşən E.Məmmədov Azərbaycan klubunu təbrik edib: "Qarabağ" turnirdə çıxışını başa vursa da, təmsilçimizi təbrik etmək olar. Təkcə ona görə yox ki, "Qarabağ" qrup mərhələsini uğurla keçdi və play-off-da kifayət qədər güclü rəqibə qarşı çox gözəl oyun nümayiş etdirdi. Həm də ona görə ki, Ağdam klubu turnirdəki son oyununda gözəl bir fair-play nümunəsi göstərdi. İbrahima Vadjinin əl ilə toxuşundan sonra qapıdan keçən topu baş hakim qol kimi qeydə alsa da, Qurban Qurbanov futbolçularla qısa dialoqdan sonra referiyə qolun qaydalara uyğun olmadan vurulduğunu bildirdi. Hakim qərarını dəyişdi və qol qərarını ləğv etdi. Doğrudur, qol sevincimiz uzun çəkmədi, lakin etiraf etməliyik ki, futbol meydanlarında çox nadir hallarda rast gəldiyimiz bir ədalətli oyun nümunəsinin şahidi olduq".
AFFA rəsmisi rəhbərlik etdiyi UEFA Fair Play və Sosial Məsuliyyət Komitəsinin növbəti iclasında bu məsələnin gündəliyə daxil olunmasına və komitədəki həmkarları ilə birgə müzakirə edərək ədalətli oyun hadisəsi kimi Avropa futbol ailəsinin diqqətinə çatdırılmasına çalışacaqlarını vurğulayıb.