"Qazaxıstan və Belarus milliləri bizim dişimizə görə rəqibdir".
Sportnet.az xəbər verir ki, bunu AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev Azərbaycan yığmasının UEFA Millətlər Liqasında keçirəcəyi ilk oyunlar barədə danışarkən deyib.
56 yaşlı mütəxəssis bu iki kollektivlə görüşlərdə maksimum xal qazanmağın mümkünlüyünü vurğulayıb: "Qazaxıstan və Belarus yığmalarında heyət baxımdan böyük problemlər var. Komandaların bir neçə üzvü yığmalarına gəlməyib, digərləri də zədəlidir. Hər iki milli problemlərlə üzləşdiyi üçün bundan maksimum istifadə etmək və xallar qazanmaq lazımdır".
Diniyev bugünkü Qazaxıstanla görüşdə motivasiya və istəyin ön plana çıxacağını söyləyib: "Komandaların ustalıq səviyyələri eyni olduğundan, psixoloji hazırlıq çox önəmlidir. Qələbə üçün motivasiya da yüksək səviyyədə olmalıdır. Lazımi nəticəni əldə etmək istəyiriksə, meydanın hər qarışı uğrunda vuruşmalıyıq".
Təcrübəli mütəxəssis millinin baş məşqçisi Canni De Byazinin mətbuat konfransında "Azərbaycan yığması qrupda ikinci yer üçün oynayacaq" ifadəsinə də münasibət bildirib: "Qrupun aşkar favoriti Slovakiyadır. Qalan 3 komanda isə eyni gücdədir. Düşünürəm ki, Slovakiya ilə mübarizə aparmaq üçün çalışmaq lazımdır. Ola bilər ki, Canni De Byazi də məhz bunu nəzərdə tutub".
Qeyd edək ki, bu gün "Astana Arena"da oynanılacaq Qazaxıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Yığma 3 gün sonra Serbiyanın Novi Sad şəhərində Belarusla üz-üzə gələcək. (Report)