İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında minifutbol üzrə Zəfər Kubokunda bu gün final oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, mayın 4-də - İAM-ın yaradılmasının ildönümündə start götürən turnirin həlledici qarşılaşması iyunun 19-na - mərhum jurnalist və idman xadimi Elnur Əşrəfoğlunun anadan olmasının 48-ci ildönümünə təsadüf edib. Bu münasibətlə təşkilatçılar və iştirakçı komandaların nümayəndələri saat 10:00-da mərhumun ailə üzvləri ilə birlikdə E.Əşrəfoğlunun Saray qəbiristanlığındakı məzarını ziyarət ediblər.
Final görüşündən öncə Bakı Olimpiya Stadionunun tribunalı qapalı meydançasında Milli Məclisin deputatları ilə I Qarabağ və 44 günlük Vətən müharibəsində iştirak etmiş jurnalistlərdən ibarət "Suqovuşan" komandası arasında yoldaşlıq oynanılıb. Qarşılaşma jurnalistlərin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Ardınca isə "Xocavənd" və "Ağdam" komandaları arasında final oyunu təşkil olunub. Milli Məclisin deputatları bu qarşılaşmada da fəxri qonaq qismində iştirak ediblər. Fəxri qonaqlar sırasında "Qəbələ" futbol klubunun prezidenti Fariz Nəcəfov, Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev, minifutbol üzrə Avropa çempionluğu qazanmış Azərbaycan milli komandasının üzvləri, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, "TT Fight Club"un direktoru Şəhriyar Abbasov, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev və veteran futbolçu Novruz Əzimov da qatılıblar.
Bundan başqa, Elnur Əşrəfoğlunun, eləcə də şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun ailə üzvləri də final oyununa dəvət olunublar. Onlara təşkilatçılar və Şəhriyar Abbasov tərəfindən xatirə hədiyyələri təqdim olunub.
İştirakçıları salamlayan Fariz Nəcəfov komandalara uğurlar arzulayıb. O, turnirin təşkilində əsas pay sahibi İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədova təşəkkürünü bildirib. Klub rəhbəri "Ağdam"a azarkeşlik edəcəyini söyləyib.
Dəvətə görə minnətdarlığını bildirən Faiq Qarayev final matçında çox gözəl ab-havanın hökm sürdüyünü qeyd edib: "Hörmətli millət vəkillərimiz, Avropa çempionu olan minifutbol üzrə yığmamız burada iştirak edir. Onları təbrik etmək istəyirdim. Bu günə təsadüf etdi. Doğrudan böyük fədakarlıq göstərdilər. Allah mərhum jurnalistərimizə rəhmət etsin. Elnur Əşrəfoğlunu, 44 günlük Vətən müharibəsindəki şəhidlərimizi yada saldıq. Belə turnirə görə təşkilatçılara təşəkkürümü bildirirəm".
Şəhriyar Abbasov "Xocavənd" komandasına azarkeşlik etdiyini gizlətməyib: "Turnir start götürəndə Elşən müəllimə demişdim ki, "Xocavənd" çempion olacaq. Çünki fiziki göstəriciləri çox yaxşıdır. Təəssüflər olsun ki, bu gün Fariz Nəcəfovla rəqib olduq. Bilirəm ki, "Xocavənd" qalib gələcək".
Əflatun Amaşov sözə şəhidlərin əziz xatirəsini yad etməklə başlayıb: "Allah şəhidlərə rəhmət etsin. İdman ictimaiyyətini təbrik edirəm. Düzdür, əsas millimiz qol vurmağa elə də həvəsli deyil. Amma minifutbol yığmamız Avropa çempionu oldu. Deməli, Azərbaycanda futbol var, yaxşı oyunçular yetişir".
O, turnirin təşkilinə görə baş sponsorlara təşəkkür edib və Zəfər Kubokunun Azərbaycan futbolunun tarixinə yazılacağını vurğulayıb: "Turnir futbolun populyarlaşmasında öz əhəmiyyətli rolunu oynayacaq və jurnalistlər arasında həmrəyliyi möhkəmləndirəcək. Hər iki komandaya uğurlar arzulayıram".
Raqif Abbasov bildirib ki, bu gün Azərbaycan zəfər günlərini yaşayır və buna həsr olunmuş hər bir turnirin özünəməxsus yeri var: "Futbol Azərbaycanda daha çox sevilir. Fürsətdən istifadə edib, minifutbol üzrə Avropa çempionlarımızı təbrik edirəm. Turnirin keçirilməsində əziyyəti olan hər kəsə minnətdarlığımı bildirərəm. "Ağdam"a azarkeşlik edirəm".
Minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev xalqımıza zəfər yaraşdığını, müharibədən sonra bu cür turnirlərin bizim üçün bayram sayıldığını bildirib. O, "Xocavənd" komandasına azarkeşlik etdiyini söyləyib.
Fariz Nəcəfov və Şəhriyar Abbasovun topa rəmzi toxunuşundan sonra həlledici oyun başlayıb. Finalda "Xocavəndə" 3:1 hesabı ilə qalib gələn "Ağdam" Zəfər Kubokunun qalibi olub. Matçda hesabı "Xocavənd" futbolçuları açıblar. Fərid Məmmədov fərqlənib. Lakin onların qol sevinci cəmi 1 dəqiqə çəkib. Elvin Rüstəmov tarazlığı bərpa edib. Az sonra isə Mirbağırağa Cəfəri dəqiq zərbə ilə hesabı "Ağdam"ın xeyrinə dəyişib. İkinci hissənin ortalarında növbəti dəfə fərqlənən Cəfəri həm dublunu, həm də yekun nəticəni müəyyənləşdirib.
Zəfər Kuboku
Final
19 iyun
"Ağdam" - "Xocavənd" - 3:1
Qollar: Elvin Rüstəmov, 24. Mirbağırağa Cəfəri, 28; 32 - Fərid Məmmədov, 23
Qeyd edək ki, Zəfər Kuboku İAM-ın təşkilatçılığı, Azərbaycanın ilk qanuni mərc saytı ETOPAZ-ın baş sponsorluğu, "Huner Group"un sponsorluğu, TOC klinikası və "Kəhriz Su" şirkətinin tərəfdaşlığı, "Report" agentliyinin informasiya dəstəyi ilə təşkil olunub.