"Sabahkı oyunu səbirsizliklə gözləyirəm".
Sportnet.az-ın məlumatına görə, bunu Polşa "Lex"inin kapitanı Mikael İshak evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.
İsveçli hücumçu Çempionlar Liqasının təsnifat mərhələsində çıxış etdikləri üçün xoşbəxt olduqlarını bildirib: "Hər bir komanda belə turnirdə oynamaq istəyər. Avrokuboklarda iştirak edirsənsə, 2-3 gündən bir oynamağa hazır olmalısan. Yaxşı komandamız var. 2 il öncəki ilə müqayisədə indi daha güclüyük. İnanıram ki, hər şey bizim üçün yaxşı olacaq".
Qeyd edək ki, iyulun 5-də Poznandakı eyniadlı arenada oynanılacaq "Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab qarşılaşması 1 həftə sonra Bakıda keçiriləcək.