"Qarabağ"ın bu gün dünyasını dəyişmiş sabiq futbolçusu Andrey Rubinin xatirəsi Bakıda Macarıstan "Ferentsvaroş"una qarşı keçiriləcək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda yad olunacaq.
Sportnet.az xəbər verir ki, bu barədə "Report" "köhlən atlar"ın Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib.
Onun sözlərinə görə, latviyalı mərhum yarımmüdafiəçinin fotosu matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionundakı monitorlarda göstəriləcək: "Bir dəqiqəlik sükut olub-olmayacağı isə hələlik bəlli deyil".
Bu arada, "Qarabağ" 43 yaşlı veteran oyunçunun ölümü ilə bağlı başsağlığı mesajı yayımlayıb. "Keçmiş futbolçumuz Andreys Rubinsin vəfatından kədərləndiyimizi bildirir, latviyalı oyunçunun yaxınlarına dərin hüznlə başsağlığı veririk" - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, Latviya millisinin aparıcı futbolçularından olmuş Andrey Rubin 2008 - 2010-cu illərdə "İnter"də, 2010/2011 mövsümündə "Qarabağ"da, 2011/2012 mövsümündə "Simurq"da forma geyinib. O, AVRO-2004-də iştirak etmiş Latviya millisinin heyətində yer alıb. Rubin son olaraq ölkəsində "Oqre" klubunda köməkçi məşqçi işləyirdi.