Sportnet.az AFFA Hakimlər Komitəsinin yeni sədri Barış Şimşekin "Report"a müsahibəsini təqdim edir.
- Hakimlərin VAR sistemi ilə bağlı hazırlığı necə keçdi: Onlar yeni sistemdən istifadə etməyə hazırdırlarmı?
- Bəli, hazırdırlar. Mən VAR sahəsində çox təcrübəliyəm, Türkiyədə 4 ildir bu işlə məşğul idim. İlk dövrlər hər zaman çətin keçir. Amma üstünlüyüm ondadır ki, lap əvvəldən bu hakimlərlə birlikdə çalışırıq. Ötən ilin oktyabrından Türkiyədə kurslar keçiririk. 3 seminarımız oldu. Ardınca son mərhələ olan - canlı oyunları təhlil etdik. Müşahidələrim göstərir ki, mövsümə hazırıq. Amma nəzərə almaq lazımdır ki, ilk mövsümlər asan keçmir. Bununla belə, hakimlərimizə güvənirəm. AFFA-nın texniki hazırlıqları da lazımı səviyyədədir. Ötən həftə FIFA yoxlamasından keçdik, texniki məsələlər yoxlanıldı. Ondan əvvəl isə FIFA təlimatçısı hakimlərimizi yoxladı. Hər ikisindən çox uğurlu nəticə ilə çıxdıq. Son seminarda da gördüm ki, hakimlər yaxşı vəziyyətdədirlər. Ətraflı araşdırma apardıq. Türkiyədə uzun illər birlikdə çalışdığım Burçin Keskin də bizimlə idi. AFFA-nın dəstəyi ilə onu da bu seminara dəvət etdik. Hakimlərdən fitnes, oyun qaydaları və video testləri götürdük. Maksimum nəticələr əldə etdik. Nəzəri baxımdan yaxşı durumdayıq. Praktikanı isə meydanda görəcəyik. Amma VAR elə də asan sistem deyil. Bu sistem ancaq əsas səhvlər üçün nəzərdə tutulub. Baş hakimin meydandakı səlahiyyətlərini qorumaq istəyirik. Hər oyunda hər səhv düzəldiləcək deyə bir şey yoxdur. Vaxt getdikcə, daha yaxşı olacağıq.
- Sizdən əvvəlki komitə sədri Frits Ştuxlik çox tənqid olundu. Siz özünüz necə, bu cür tənqidlərə hazırsınız?
- Ştuxlik çox yaxın dostumdur. Suala cavab olaraq isə onu bildirim ki, mən buraya Türkiyə futbolundan gəlmişəm (gülür).
- Ştuxliklə yaxın olduğunuzu bildirdiniz. Sizin buraya gəlməyinizdə onun hər hansı vasitəçiliyi oldumu?
- Bu barədə məlumatım yoxdur. Təyinatımdan sonra onunla görüşdüm. Mənə uğurlar arzuladı. Mən də öz növbəmdə ona indiyədək gördüyü işlərə görə təşəkkür etdim. Bu, bayraq yarışıdır. Mən də ondan aldığım bayrağı uğurla daşıyacağam. Təyinata gəlincə, əvvəl də dediyim kimi, Türkiyədə VAR kursları təşkil etdik. AFFA rəsmiləri ilə orada tanış olduq. İyunda təklif aldım və məmnuniyyətlə qəbul etdim. Qardaş ölkə olması, eyni dildə danışmağımız böyük üstünlükdür. Xoşbəxtəm, özümü evimdəki kimi hiss edirəm. 10-15 gündə bir-birimizə uyğunlaşdıq. AFFA bizim üçün hər bir şəraiti yaradıb.
- VAR layihəsinin koordinatoru olan FIFA referisi Fəridə Lütfəliyevaya ilə görüşüb fikir mübadiləsi aparmısınız?
- Daim bir yerdə çalışırıq. Hakim kimi seminarımıza da qatılmışdı. Bizə yad adam deyil, işin içində olan şəxsdir. VAR-ın mahiyyətini tamamilə dərk edir. Heç bir problem çıxmayacaq. Bir-birimizi yaxşı başa düşürük. Uğur qazanacağımıza əminəm.
- Sizi çox vaxt Türkiyənin tanınmış referilərindən Cüneyt Çakırın komandasında görmüşük...
- Bəli, elədir. Onunla birlikdə xeyli sayda UEFA Çempionlar Liqası oyunlarına, hətta final matçına çıxmışam. Həmçinin, AVRO-2016-nın görüşlərinə təyinat almışam. Bir sözlə, Cüneyt Çakırın karyerama böyük köməyi dəyib.
- Hakimlərdən oyunlar zamanı adınıza uyğun barışı, sülhü təmin etməyi, yoxsa soyadınıza uyğun şimşək kimi sərt olmağı tələb edəcəksiniz?
- (Gülür). Hər şeyi ikisinin ortasında edəcəyik. Çalışacağıq ki, hərəsindən bir az olacaq. Özüm sülh tərəfdarıyam, amma lazım gələrsə, şimşək kimi də çaxa bilərəm. Amma buna ehtiyac olacağını düşünmürəm. Aramızda yaxşı münasibət var. Buraya böyük üstünlüklərlə gəlmişəm. Hakimlərin çoxunu tanıyırdım, adlarını bilirdim. Təbii ki, meydandakı bacarıqlarını görməmişəm. Düzdür, Türkiyədə gözümüzün qarşısında oyun idarə ediblər. Amma onlar yoxlama matçları idi. Bir-birimizi daha yaxından tanıdıqca, hər şey daha gözəl olacaq.
- Hazırda Azərbaycanda 2 əsas referi var. Onlardan biri Əliyar Ağayev, digər isə Elçin Məsiyevdir.
- Rauf Cabbarov da var.
- Bundan sonrakı hədəfləriniz arasında Ağayev və ya Məsiyevin elit kateqoriyaya yüksəlməsi kimi bir şey varmı?
- Mən də UEFA nümayəndəsiyəm. Orada hakimliyə cavabdeh şəxslərlə əlaqələrimiz var. Türkiyədə də həmin şəxslərlə birlikdə çalışmışıq. Ən önəmli məqsədlərimizdən biri FIFA referilərimizin UEFA-dan daha yaxşı təyinatlar almasıdır. Onların işini analiz edəcəyik. Hər hansı çatışmazlıqları varsa, aradan qaldırmağa çalışacağıq. Bu, çox önəmli hədəfdir. Onlar ölkəni təmsil edirlər. Daha yuxarılarda olmaları üçün bütün gücümüz və əlaqələrimizlə dəstək olacağıq. Buraya daha fərqli təlimçiləri gətirəcəyik ki, Azərbaycanda yaxşı hakimlərin olduğunu görsünlər. Əvvəlcə VAR sistemini yoluna qoyaq, sonrası daha gözəl olacaq.
- Ştuxlikdən Azərbaycanı niyə tərk etməsinin səbəbini soruşdunuz?
- Bu, AFFA-nın qərarı idi. Bununla bağlı şərh verə bilmərəm.
- Yaxın dost olduğunuz üçün bu sualı sizə verdim. Ondan Azərbaycan hakimliyi ilə bağlı məsləhətlər aldınız?
- Nəticə etibarı ilə, mən də Türkiyədəki işimdən ayrılıb buraya gəldim. Bunlar peşəkar karyera boyunca olan şeylərdir.
- Ştuxlik sizə Azərbaycana gəlməməyi məsləhət görmədi?
- Xeyr (gülür). Elə bir şey olmadı. Onsuz da bu, mənim verə biləcəyim qərar idi. Bu mövzuda yalnız həyat yoldaşım və qızımla məsləhətləşə bilərəm. Şütuxliklə isə heç nə danışmadıq. Ümumiyyətlə, o, mənə belə məsləhət verə biləcək biri deyil. 4 ilə yaxın işlədiyi yer haqqında elə bir söz deyə biləcəyini düşünmürəm.
- Bakıda ailənizlə birlikdə qalacaqsınız?
- Xeyr. Hazırda təkəm. Qızım 14 yaşındadır və Türkiyədə oxuyur.
- Burada da türk məktəbləri var...
- Elədir, amma orada məktəb yoldaşları var və özünü xoşbəxt hiss edir. Həyat yoldaşım da müəllimdir. O da Türkiyədə qalacaq. Fürsət olduqca, ailəmin yanına gedib-gələcəyəm. Biz işgüzar insanların. Mən onsuz da 3 ildir İstanbulda bu formada işləyirəm. Ailəm Trabzonda yaşayır. Buraya işləməyə gəlmişəm.
- Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Macarıstan "Ferentsvaroş"unu qəbul edəcək. "Köhlən atlar"ın qrupa düşməsini sizin buradakı işiniz üçün də prestij saymaq olarmı?
- Əlbəttə. Bu barədə danışmışıq. Hakimliyi futboldan ayrı hesab etməyin. Azərbaycan futbolu nə qədər inkişaf edərsə, hakimlər üçün bir o qədər üstünlük olar. "Qarabağ"ın yenidən qrupa düşməsi futbolunuza enerji gətirər, ölkə futbolu üçün lokomotiv ola bilər. Bu, bizə də motivasiya verər. "Qarabağ"ın bu mövsümdə bütün avrokubok matçlarını izləmişəm. Yaxşı gedirlər. Çox ümidliyəm, püşk də belə düşünməyə əsas verir. Axşam stadionda olacağam.
- "Neftçi" Konfrans Liqasında Avstriyanın "Rapid" (Vyana) klubunu keçsə, pley-offda Türkiyə "Konyaspor"u ilə qarşılaşa bilər. Təbii ki, bunun üçün Konya təmsilçisi də Lixtenşteyn "Vaduts"unu mübarizədən kənarlaşdırmalıdır...
- Bu, baş versə, maraqlı olar. "Neftçi" pis komanda deyil. II təsnifat mərhələsində Kipr "Aris"ini əzmkar qələbə ilə keçdi. Həmin görüşü televiziya vasitəsilə izlədim. Aqressiv və baxımlı futbol sərgiədirlər. Ümid edirəm ki, hər iki komanda qruplara vəsiqə qazanar. Çünki Azərbaycana UEFA nümayəndələrinin, tanınmış hakimlərin gəlməsi, buraları daha yaxından tanıması böyük üstünlükdür. "Qarabağ" qrup mərhələsində evdə ən azı 3 oyun keçirəcək. Qrup matçlarında atmosfer fərqli olur. Bilirsiniz ki, Çempionlar Liqasında bu mərhələdən VAR sistemi tətbiq olunacaq. Bu da bir təcrübədir.
- Çempionlar Liqasının III təsnifat mərhələsində əvvəllər heç vaxt VAR sistemindən istifadə olunmayıb. İsveçrə "Sürix"i II təsnifat mərhələsinin Bakıdakı ilk matçında "Qarabağ"ın qapısına oyundankənar vəziyyətdən qol vurdu. UEFA-nın təsnifat mərhələsində VAR-dan istifadə etmək qərarı "Qarabağ"la bağlı ola bilər?
- Açığı, məlumatım yoxdur. Amma UEFA da düşünür ki, artıq bu mərhələdə olduqca vacib matçlar oynanılır. Qrup mərhələsinə 2 addım qalır. UEFA sürprizə yer verməmək üçün özünü sığortaladı. Məncə, düzgün addım atdılar. Kaş, daha əvvəldən başlayardılar. Amma insan gücü o qədər yetərli deyil.
- Yəqin, siz də avrokubok matçlarına təyinat alacaqsınız. Bu, işinizə mənfi təsir göstərməyəcək?
- Bəli, növbəti həftə avrokubok oyunumuz var. Özünüz də görəcəksiniz. Mənim oraya getməyim hər zaman üstünlükdür. Kimi təmsil edirəm? Azərbaycanı, AFFA-nı. Bunu işi axsatmaq kimi düşünməyin. Bizim bu cür oyunları təyinat alıb əlaqələr qurmağımız çox yaxşıdır. Səviyyəli matçlara təyinat alırıq, orada qazandığımız təcrübəni buradakı hakimlərlə bölüşürük. Məncə. təyinat almamaq daha pisdir. Peşəkar insanlarla çalışırıq. Burada olmasaq da, işlər gedir.