
Elşən MƏMMƏDOV
Azərbaycan futbolunun əsas problemlərindən biri də strategiyasızlıqdır. Yəni, düzgün planlaşdırmanın, uzaqgörənliyin, təməl prinsiplərin olmaması son nəticədə uğursuzluqlara yol açıb.
Elə buna görədir ki, hər uğursuzluqdan sonra "Yox, bu futbolçulardan bir şey çıxan deyil, hamısını qovub, gənclərdən komanda qurmaq lazımdır", yaxud "Uşaq futbolunu inkişaf etdirmək lazımdır" kimi çeynənmiş fikirlər ortaya atılır.
Bəs uğurlu nəticələr göstərildikdə necə? Yenə də davamını gətirmək üçün düzgün strategiya qurulmur.
Azərbaycan milli komandası tarixi ərzində bir neçə dəfə nisbətən uğurlu dövr yaxalayıb. Bunlardan ən birincisi 2001 - 2003-cü illərə təsadüf edirdi. Həmin vaxt Serbiya və Monteqro ilə seçmə qrup oyunlarında 4 xal qazanılmış, digər qarşılaşmalarda baxımlı futbol nümayiş etdirilmişdi. Yığma üzvlərindən bir çoxu indi də məşqçi kimi müxtəlif klublarımıza və yığmalarımıza fayda verməkdədirlər.
Lakin həmin vaxt - 2003-cü ilin dekabrında AFFA prezidenti seçkisi oldu, Fuad Musayevi Ramiz Mirzəyev əvəzlədi. Dəyişiklik milli komandanın baş məşqçi postuna da, heyət üzvlərinə də sirayət etdi.
Bundan sonra bir müddət qənaətbəxş nəticələr əldə olunmadı, milli komanda Karlos Alberto Torresin dövründə qələbələrə həsrət qaldı, Şahin Diniyevin vaxtında Finlandiya üzərində ev qalibiyyəti ilə təskinlik tapdıq.
Daha sonra Berti Foqts gəldi və 6 ilədək millinin sükanı arxasında oldu. Onun dövründə 2014-cü il dünya çempionatının seçmə mərhələsini 9 xalla başa vurmaq mümkün oldu. Qrupdakı 10 görüşdən 7-də uduzmayan yığma 1 qələbə, 6 heç-heçə ilə 6 ölkə arasında 4-cü oldu. Amma ultra-müdafiə futboluna üstünlük verməsi, hücum qurmaqdan çəkinməsi səbəbindən Foqtsun taktikası və özü kəskin tənqidlərə məruz qaldı. 2016-cı il Avropa çempionatının seçmə mərhələsinə uğursuz nəticələrlə başlayan Azərbaycan millisi tezliklə baş məşqçisiz qaldı.
Çox keçmədən yığmaya Robert Prosineçki gətirildi. Xorvatiyalı mütəxəssis müdafiə deyil, hücum taktikasına üstünlük verirdi. Bunun nəticəsində Prosineçki yığmanı məğlub psixologiyasından xilas etdi, komanda 2018-ci il dünya çempionatının seçmə mərhələsini rekord sayda - 10 xalla başa vurdu. Artıq işlərin qaydasına düşdüyü görünürdü. Lakin yenə AFFA baş məşqçi dəyişikliyinə getdi və Qurban Qurbanovla müqavilə bağladı.
Qurbanov həm "Qarabağ", həm də millidə işləyirdi. Ona yalnız UEFA Millətlər Liqasında şans verildi. Yığmanın qrupda ikinci yeri tutaraq, pley-offa çıxa bilməməsini əsas gətirən rəhbərlik bu mütəxəssislə də yollarını ayırdı. Baxmayaraq ki, onunla 6 illik müqavilə bağlanılmışdı...
Daha sonra Nikola Yurçeviçlə ən acı tarix başladı ki, bu barədə heç danışmağa belə dəyməz. Canni De Byazinin fəaliyyətinin ilk illəri isə pandemiya və müharibə dövrünə təsadüf etdi. Millinin normal hazırlıq üçün imkanları olmadı. Buna görə də seçmə mərhələdə cəmi 1 xalla kifayətlənəsi olduq. Elə əvvəlki Millətlər Liqası da yığma üçün uğurlu olmadı.
Amma indi situasiya fərqlidir. Sanki millidə "Qarabağ"ın avrokuboklardakı möhtəşəm çıxışından irəli gələn döyüşkənlik, hücum futbolu özünü açıq-aydın büruzə verməkdədir. Millətlər Liqasının ilk turlarındakı qorxaq futbolu indi rəqibdən çəkinmədən bütün oyunu hücumda keçirmək, rəqibi müdafiəyə məcbur etmək əvəzləyib. Son 4 oyunda uduzmayan komanda ardıcıl 3 matçı qələbə ilə başa vurub. 10 xalla qrup ikincisi olmuşuq, qrup lideri Qazaxıstanı 3:0 hesabı ilə darmadağın etmişik. Slovakiyanı səfərdə son dəqiqə qolu ilə məğlubiyyətə uğratmışıq. Hələ Belarusla görüşlərdə əldə olunan heç-heçə və qələbələrdən danışmırıq.
Millinin təkcə yerli komandalarda çıxış edənlərdən deyil, legionerlərdən, beynəlxalq təcrübəyə malik futbolçulardan ibarət potensialı formalaşıb. Bütün bunlar gələcəyə ümidlə baxmağa imkan verir.
Digər tərəfdən, nəzərə almaq lazımdır ki, AFFA-da növbəti prezident seçkisi 2024-cü ilin əvvəllərinə təsadüf edəcək. Qurumun hazırkı prezidenti Rövnəq Abdullayevin yenidən namizədliyini irəli sürəcəyi inandırıcı görünmür. Millini isə noyabrda yoldaşlıq görüşləri, gələn ilin martından seçmə mərhələ oyunları gözləyir. İndiki halda De Byazini işdən azad edərək, 1 il müddətinə çalışacaq yeni baş məşqçi tapmaq elə də asan deyil. Uzunmüddətli müqaviləyə imza atacaq baş məşqçinin AFFA-nın gələcək rəhbərliyi dövründə qalıb-qalmayacağı da sual doğurur. Bu səbəbdən, çox güman ki, italiyalı mütəxəssisıə sözləşmə daha bir il uzadılacaq.
İstənilən halda, növbəti tarixi fürsətin yetişdiyi bir mərhələdə qısamüddətli strategiyanı belə, düzgün müəyyənləşdirməmək növbəti fiaskoya gətirib çıxara bilər. Necə deyərlər: İndi seçim anıdır!