"Qarabağ" daim avrokuboklarda çıxış edir. Fikrimcə, bir çox klub bizə həsəd aparmalıdır".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın xorvatiyalı futbolçusu Filip Ozobiç ölkəsinin mətbuatına müsahibəsində komandasının avrokuboklardakı çıxışı barədə danışarkən deyib.
UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika "Gent"i ilə qarşılaşacaqlarını xatırladan 32 yaşlı yarımmüdafiəçi şansların bərabər olduğunu bildirib: "Çempionlar Liqasının pley-offunda Çexiyanın "Viktoriya" (Plzen) komandasını keçə bilmədik. Buna görə də Avropa Liqasının qruplarına düşdük. Orada isə Almaniya "Frayburq"u və Fransa "Nant"ından sonra qrupda 3-cü yeri tutduq. Fransızlardan cəmi bir xal geri qaldıq. Yunanıstan "Olimpiakos"nu qabaqlayaraq, Konfrans Liqasının pley-offuna vəsiqə qazandıq. İndi bizi 1/8 finala yüksəlmək uğrunda Belçika "Gent"i ilə oyun gözləyir. Düşünürəm ki, şanslar bərabərdir".
O, Premyer Liqada da çox yaxşı nəticələr qazandıqlarını söyləyib: "Ən yaxın izləyicimizdən yeddi xal öndəyik. Sadəcə, bu cür davam etməliyik. İnanıram ki, mövsümün sonunda çempion olacağıq. Yeri gəlmişkən, son doqquz ildə “Qarabağ” 8 dəfə çempion olub, yalnız 2021-ci ildə "Neftçi" titula sahib çıxıb".
Azərbaycan Kubokunda sabiq komandası "Qəbələ"yə uduzaraq, mübarizəni dayandırdıqlarını deyən təcrübəli oyunçu titulu "qırmızı-qaralar"ın qazanmasını istədiyini vurğulayıb: "Bizim şansımız yoxdursa, qoy, "Qəbələ" qalib gəlsin. Bu komanda ilə bağlı yalnız ən yaxşı xatirələrim var. Orada hər şey əla idi və ilk mövsümümdə çempionatın bombardiri olmuşdum".
Azərbaycanda 7-ci ilini keçirən Ozobiç yeni gələndə bu qədər qalacağını gözləmədiyini etiraf edib: "Amma belə alındı. Hazırkı vəziyyətimdən razıyam. Heç bir problemim yoxdur. Burada yaşamaq həqiqətən xoşdur. Bakı şəhəri də insanlar kimi gözəldir. Klub haqqında ən yaxşı sözləri deyə bilərəm. Biz nəyə razılaşsaq, o da olur".
Futbolçu Bakıdakı həyat tərzindən söz açıb: "İki milyondan çox insan şəhərin özündə, təxminən səkkiz milyonu isə bölgələrdə yaşayır. Bakı dünyanın ən böyük brendlərinin mağazaları və ən məşhur restoran şəbəkələrinin olduğu müasir, çox təhlükəsiz şəhərdir. İndiyədək əcnəbi kimi heç bir narahatlığım olmayıb. Ola bilsin ki, məsafəyə və ya keçmişdə baş verənlərə görə insanların bu ölkə haqqında yanlış təsəvvürləri var. Amma Bakıya turist kimi səfər edə bilən hər kəsə bunu təklif edirəm. Peşman olmayacaqlar. Standartlar yüksəkdir. Xorvatiyada olduğu kimi, nahar və ya şam yeməyi üçün bahalı restoranlar var. Amma daha ucuzlarını da tapmaq olar. Kafelərdə də belədir. Hamısı hara getdiyinizdən asılıdır. Benzinin bir litrinin qiyməti təxminən 3,5 xorvat kunasıdır".
O, paytaxtda heç bir təhlükə hiss olunmadığını vurğulayıb: "Üç il öncə koronavirus pandemiyası ilə bağlı hər yer bağlı idi. Bir səhər yuxudan oyanıb gördüm ki, sosial şəbəkələr və ünsiyyət üçün digər tətbiqlər işləmir. Daha sonra yemək üçün harasa getdim və yalnız onda bildim ki, Ermənistanla müharibə başlayıb. Amma burada qonşu ölkələrdəki hərbi münaqişələr hiss olunmur. Ən azından mən hiss etmirəm, həyat normaldır".
Azərbaycan millisinin də formasını geyinən yarımmüdafiəçi 2024-cü il Avropa çempionatının seçmə mərhələsindəki şansları dəyərləndirib: "Belçika, İsveç, Avstriya və Estoniyanın yer aldığı çətin qrupa düşmüşük. İlk 3 yığma qrupun favoritidir, amma əlimizdən gələni etməyə və mümkün qədər çox xal toplamağa çalışacağıq".
Ozobiç "Qarabağ”la müqaviləsinin bu ilin yayında başa çatacağını, lakin klubla hələlik bu barədə danışmadıqlarını qeyd edib: "Görək, necə olacaq".
Futbolçu karyerasını bitirdək sonra məşğul olmaq istədiyi fəaliyyət sahəsini də açıqlayıb: "Hələ futboldayam, hər şeyi zaman göstərəcək. Məni idarəçilikdən çox məşqçilik maraqlandırır, amma hələlik bu barədə düşünməyə ehtiyac yoxdur".
O, sonda Xorvatiya millisinin DÇ-2022-də bürünc medal qazanmasına da toxunub: "Bu nəticənin nə demək olduğunu yaxşı başa düşürük. Hər kəsə - oyunçulara, məşqçilər korpusuna bir daha bizə belə gözəl an yaşatdıqları üçün təşəkkür edirəm".
Qeyd edək ki, Filip Ozobiç 2018-ci ilin yayından "Qarabağ"ın formasını geyinir. O, 2016 - 2018-ci illərdə "Qəbələ"də çıxış edib.