"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri komandanın İtaliya A Seriyasında 15 xalının silinməsinə münasibət bildirib.
Sportnet.az-ın məlumatına görə, 56 yaşlı mütəxəssis bu barədə "Atalanta"ya qarşı keçirəcəkləri XIX tur oyunundan əvvəl mətbuat konfransında açıqlama verib.
Alleqri sabahkı qarşılaşmaya hazırlaşmalı olduqlarını diqqətə çatdırıb: "Biz işləməyə davam etməliyik. Ancaq meydanda nə olacağını düşünməliyik. 15 xal itirəndən sonra vəziyyət dəyişdimi? Xeyr, heç nə dəyişmir. Hər halda, xal qazanmalıyıq. "Atalanta" ilə matç çətin olacaq. Çünki rəqib yaxşı formadadır. Qələbə qazanaraq yeddinci yerə yüksəlməliyik".
İtaliyalı baş məşqçi məhkəmə prosesinin klubun işi olduğunu söyləyib. O, məsələ ilə bağlı apellyasiya şikayəti verəcəklərini də xatırladıb: "Bu, gözlənilməz hadisədir. Lakin sakitliyi qoruyub, qalib gəlmək arzusunu və əzmini nümayiş etdirməliyik. Bundan sonra olacaqları daha sonra düşünəcəyik. Hələlik yeddinci pilləyə qalxmağa çalışacağıq".
Qeyd edək ki, Turin təmsilçisi hazırda 22 xalla 10-cu pillədə qərarlaşıb. Yanvarın 22-də oynanılacaq "Yuventus" - "Atalanta" matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.