Mövsümün sonunda Almaniyanın "Borussiya" (Dortmund) klubundan ayrılacağını açıqlayan baş məşqçi Yurgen Klopp haqqında gəzən şaiələrə aydınlıq gətirib. Sportnet.az-ın məlumatına görə, "Bayern" (Münhem) ilə oyundan öncə keçirilən mətbuat konfransında jurnalistlər mövzunu almaniyalı mütəxəssisin şəxsi həyatına yönəldiblər.
Klopp "Borussiya"da çıxış edən bir futbolçunun həyat yoldaşı ilə eşq münasibəti olduğuna görə həyat yoldaşı tərəfindən evdən qovulduğu iddialarına aydınlıq gətirib: "Bu dedi-qodular mənim də qulağıma çatıb. Yoldaşımın məni evdən qovduğu üçün klubu da tərk etməli olduğum və bir futbolçunun həyat yoldaşı ilə münasibətim olduğu şaiələri Dortmundda yayılıb. Həyat yoldaşım məni evdən qovmayıb. Başqa bir qadına görə belə hərəkət etməz. Qovarsa, səfeh olduğum üçün qovar".
Sonda isə Yurgen Klopp 2005-ci ildən bəri evli olduğu həyat yoldaşı Ullanı ilk günkü kimi sevdiyini deyib.